33 C
Baku
Thursday, August 21, 2025

Vətəndaşlar bu məlumatlarını da “mygov”dan əldə edə biləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, artıq vətəndaşların ilkin hərbi qeydiyyata alınması, mütləq müayinədən sonra hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmə nəticəsində çağırışçının hərbi xidmətə yararlı hesab olunması, əlavə tibbi müayinədən sonra şəhadətləndirilmənin nəticələri, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış yekun tibbi müayinənin nəticələri, yekun tibbi müayinədən sonra xəstəliklər cədvəlinin müvafiq bəndlərinə uyğun olaraq çağırış komissiyasının qərarı, həmçinin ailə vəziyyəti və təhsili davam etdirməyə görə çağırışdan möhlət hüququnun verilməsi barədə bildirişlər vətəndaşın “mygov” platformasındakı şəxsi kabinetinə yerləşdirilir.

Bundan başqa, hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azadedilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair və həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür.

Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

Bunun üçün portal istifadəçiləri “mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olmalı, “Hərbi məlumatlarım” alt bölməsinə keçid etməli, hərbi məlumat növünü seçərək məlumatlarla tanış olub sənədi istəyə uyğun olaraq PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilər.

Son xəbərlər
Digər xəbərlər