Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması layihəsi uğurla davam etdirilir.
2025-ci ilin yanvar–oktyabr aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 26 milyon 269,1 min manat təşkil edib.
Qaytarılma prosesi 2022-ci ilin fevral ayından etibarən həyata keçirilir. Qaydaya görə, fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri tam şəkildə nağdsız qaydada ödənildiyi halda, ödənilmiş ƏDV-nin 30%-i fiziki şəxslərin bank hesablarına qaytarılır. Bu zaman alıcı eyni binadan bir və ya bir neçə yaşayış və qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə tətbiq edilir. Bununla yanaşı, alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürüləcək.
Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən bunun üçün yaradılmış portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılıb.







