Ölkə ərazisində vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə İşçi qrupu fəaliyyətə başlayıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, fəaliyyəti DMX tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupu”nun bu gün ilk iclası onlayn formatda keçirilib.
İşçi qrupunun tərkibində Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və BMTQAK-ın Azərbaycandakı Nümayəndəliyi təmsil olunur.
İlk iclasda çıxış edən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılan işçi qrupunun məqsədləri və vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı görülmüş işlərə dair məlumat verib. İşçi qrupunun ölkə üzrə vətəndaşsızlıq vəziyyətində olan şəxsləri aşkarlayaraq sənədləşdirmək üçün zəruri tədbirlər görəcəyinə əminliyini ifadə edib.
Onlayn tədbirdə, həmçinin BMTQAK-ın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea “Vətəndaşsızlıq” mövzusunda təqdimatla çıxış edib.
Daha sonra vətəndaşsızlıq hallarının aradan qaldırılması, habelə bu istiqamətdə məlumatlılığın artırılması üçün zəruri tədbirlər barədə müzakirələr aparılıb. İşçi qrupunun fəaliyyət qaydası layihəsinə baxılıb.