32 C
Baku
Friday, May 30, 2025

Vəzifəli şəxslərə icazə verilən elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti

Məlum olduğu kimi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə vəzifəli şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Buna müvafiq olaraq, dövlət qulluqçuları, dövlət orqanlarının, o cümlədən publik hüquqi şəxslərin rəhbərləri və əməkdaşları, seçkili vəzifə tutanlar vəzifəli şəxs hesab edildikləri üçün onların gəlirləri və gəlir mənbələri üzrə konkret tələblər müəyyən edilmişdir. Bu baxımdan həmin şəxslərin gəlirləri üzrə ayrıca qanunvericilik aktlarında da xüsusi tələblər mövcuddur.

Buna misal olaraq, “Polis haqqında” Qanuna görə polis əməkdaşı heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməz, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Bununla yanaşı, “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçusunun əlavə ödənişli, seçkili və ya təyinatlı vəzifə tutmağa ixtiyarı yoxdur. Bu tələbi ədliyyə, miqrasiya, prokurorluq orqanlarında, Hesablama Palatası, Mərkəzi Bankda çalışan şəxslərə, məhkəmə hakimlərinə, deputatlar, daimi əsasda çalışan bələdiyyə üzvləri, o cümlədən notariuslara da aid etmək mümkündür.

Nəzərə almaq lazımdır ki, dövlət qulluğu və dövlət vəzifələrinin icra edilməsi ilə əlaqədar fəaliyyətdən fərqli olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Göründüyü kimi kommersiya fəaliyyəti ilə məşğul olmaq adıçəkilən vəzifəli şəxslər üçün qadağan edilmişdir. Bu şəxslərin gördükləri işlə əlaqədar olaraq müəyyən edilmiş əmək haqqı almaq hüquqları vardır.

Mövzu çərçivəsində isə əlavə olaraq qeyd etmək mümkündür ki, yuxarıda qeyd edilən şəxslərə əlavə olaraq aşağıdakı fəaliyyətlər üzrə də gəlir əldə etmək hüququ verilmişdir:

  •  elmi fəaliyyət
  •  yaradıcılıq fəaliyyəti
  •  müəssisə tərəfindən icazə verildiyi təqdirdə pedaqoji fəaliyyət.

Bəs bu fəaliyyətləri necə başa düşmək olar?

Elmi fəaliyyət biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesidir. Bu fəaliyyətin iştirakçıları isə elmi işçilər, investorlar, sifarişçilər, sponsorlar, əqli mülkiyyət hüququnun sahibləri, ekspertlər, eləcə də elmi fəaliyyət sahələrini şəhadətnamə, sertifikat, lisenziya-patent, standartlaşma, metrologiya, proqram, metodiki, təşkilati və texniki cəhətdən təmin etmək hüququ əldə edən fiziki və hüquqi şəxslərdir.

Yaradıcılıq fəaliyyəti isə mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyətdir. Daha dəqiq desək, mədəni sərvətlər qismində mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların nəticələri və metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşyalar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər, məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar çıxış edir ki, onların yaradılmasına yönəlmiş fəaliyyətin həyata keçirilməsinə icazə verilir.

Sonuncu fəaliyyət qismində çıxış edən pedaqoji fəaliyyətlə bağlı qeyd etmək mümkündür ki, pedaqoji fəaliyyət təhsilalanların bilik və bacarıqlara yiyələnməsinə, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına yönəlmiş fəaliyyət hesab edilir. Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Yekunda isə xüsusilə qeyd etmək lazımdır ki, vəzifəli şəxsin xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozma hesab edildiyi üçün korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Müəllif:  Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər