Ölkədə makroiqtisadi sabitlik davam edir, inflyasiya məqbul səviyyədədir, milli valyuta – manatın məzənnəsi sabitdir, valyuta bazarında vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb.
Banker.az bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədri Elman Rüstəmov bu gün sahibkarlarla görüşdə deyib.
AMB sədri qeyd edib ki, bank sektorunda vəziyyət qənaətbəxşdir, likvidlik normaldır, kredit aktivliyinin bərpa olunması davam edir, eyni zamanda, biznes kreditləşməsində artım, istehlak kreditlərində isə azalma müşahidə olunur. Son aylarda həmçinin əhalinin əmanət bazasında artım və dedollarizasiya trendlərinin başlanılması qeyd edilmişdir.
Elman Rüstəmov qeyd edib ki, bu gün əsas diqqətin cəlb edildiyi məsələlərdən biri biznesin fəaliyyət göstərdiyi makroiqtisadi mühitin dayanıqlı, stabil, proqnozlaşdırılan olması, makroiqtisadi mühitdən biznesə dəstəyin gəlməsinin təmin edilməsidir. Yeni şəraitdə makroiqtisadi çərçivə elə qurulmalıdır ki, aşağı neft qiymətləri şəraitində makroiqtisadi sabitlik qorunub saxlanılsın.