V. D.Qann öz adını həmişəlik tarixə həkk edə bilib, belə ki, dövrünün ən məşhur şəxslərindən biri daima insanları düşünməyə və təhqiqat aparmağa səsləyib. Onun metodları bu gündə bütün dünyada uğurlu treyderlər tərəfindən istifadə olunur.
Bioqrafiya
Bütün dünyada daha çox V.D.Qann adı ilə tanınan Vilyam Delbert Qann birja ticarəti aləminin əfsanəvi şəxsiyyətlərindən hesab olunur. O, bir zamanlar yaşamış birja ticarətçiləri arasında ən çox uğur qazananlardan biridir.
V.D.Qann 1878-ci il, 6 iyunda Texas ştatının Lafkina şəhərindən 7 mil məsafədə yerləşən bir firmada dünyaya göz açıb. O, Sem Xyuston və Syuzan Qanın 11 övladlarından birincisidir. Qann ailəsi hər cür təmtəraqdan uzaq, olduqca sadə, balaca bir evdə yaşayıb. Onlar kasıb idi və balaca Villi hər gün Lafkina səhərinə, məktəbə getmək üçün 7 mil məsafə qət etməli olurdu, bu, düz üç il belə davam etdi. Əgər siz balaca Villidən soruşsaydınız ki, böyüyündə, o da öz çörəyini Texasın şərqindəki torpaqlarda qazanmaq istəyərmi, yəqin ki, onun cavabı yox olardı, o biznesmen olmaq istəyirdi.
Amma onun fermada görə biləcəyi iş ailə üçün çox vacib idi, ona görə də Vilyam nə ibtidai, nə də orta məktəbi başa vura bilmir, daha doğrusu o məktəbə getmir. Evin böyük oğlu kimi onun üzərinə böyük məsuliyyət düşürdü və ola bilsin ki, yüksək gərginlik altında işləmək alışqanlığı onda məhz həmin dövrlərdə formalaşıb.
Bir neçə il sonra isə Vilyam Teksarkan şəhərində broker kontorunda çalışır və axşamlar yazıldığı biznes-məktəbinə gedirdi. 1903-cü ildə Vilyam həyatında dönüşə səbəb olacaq bir dəyişiklik edərək, 25 yaşında ikən Nyu-Yorka köçdü. O, əmtəə və fond birjasında ticarət etməyə başladı. 1908-ci ildə o, Brodvey və Uoll- Stritin 18-ci kəsişməsində özünün «W.D.GannandCo.» adlı broker kontorunu açır. Birinci dünya müharibəsi illərində Vilyam Qann 1918-ci il 9 noyabrda Kayzerin öz səlahiyyətlərini təhvil verməsini və müharibənin başa çatmasını öncədən proqnoz edir. Bu gün treyderlərin yaxşı tanıdığı V.D.Qann “ilk iyirmiliklərdə” peyda olmağa başlayır.
Məşhur öncəgörmələr və ticarət rekordu
Özünəməxsus texniki analiz tərzindən istifadə edən Qann birjalarda 50 milyon dollardan çox mənfəət əldə edib! İndiki bazarlarda bu məbləğ haradasa 500 milyon dollar edərdi. On illər ərzində davam edən inanılmaz uğur mərhələsindən sonra Qann Florida ştatına, Mayamiyə köçür və 1955-ci il, 14 iyun tarixində vəfat edənə qədər öz araşdırmalarını davam etdirir.
Qann öz ticarət metodlarını bugünkü əksər sistemlərdən fərqli olaraq «qiymət» üzərində deyil, «zaman» üzərində qurudu, bu Qanna təkcə trendin dəyişəcəyi anı deyil, həm də bazara giriş və çıxış üçün ən münasib qiyməti də öyrənmək imkanı verirdi.
Qannın metodları o qədər dəqiq idi ki, o, əsasən maliyyə nümayəndələrindən ibarət tamaşaçıların qarşısında 25 gün ərzində 286 sövdə bağlayır, istər uzunmüddətli, istər də qısamüddətli pozisiyalarda. Bu sövdələrdən 264-ü gəlirli idi! 1933-cü ildə Qann il ərzində 479 sövdə gerçəkləşdirir. Onlardan 422-i gəlirlə, 57-i isə zərərlə yekunlaşır. Kapital üzərindən gəlir 4000% idi. Əksər hallarda Qann müəyyən səhm və əmtəələrin hansı qiymətə satılacağı ilə bağlı dəqiq proqnozlar verirdi.
Öz karyerası ərzində, Qann bu inanılmaz ticarət nailiyyətlərini təkrar edir, əksər bazarlar üçün 1 il öncədən heyrətləndirici proqnozlar verirdi. Qann təbiət qanunlarından və dairə, kvadrat və üçbucaq üzərində qurulmuş həndəsi proporsiyalardan istifadə edirdi, bu kimi alətlər 50 il öncə olduğu kimi, bu gün də səhm və əmtəə birjalarında olduqca populyardır. Onun metodları istənilən bazarda və zaman intervalında özünü doğruldur. Bir çox treyderlərə onun metodları qəribə, hətta bir az mistik təsir bağışlayır, amma ötən yüz illik ərzində bu metodlar özünün dəfələrlə sübut edə bilmişdir.
Onun göstərişləri fövqəladə idi
V. D. Qann “Uoll Stritin alimi” idi. O, bir il öncədən buğa bazarının sahib olacağı ən yüksək zirvələri təxmin edə bilirdi. Onun heyrətləndirici nailiyyətlərindən biri də 1921-ci ilin dekabr ayında buraxılmış 1922-ci ilə aid səhmlər haqqında proqnozu idi. Bu proqnoz buğa dalğasının aprel ayında ilk yüksəliş zirvəsini, avqustda ikinci yüksəliş nöqtəsini və sonuncu yüksəliş zirvəsini nümayiş etdirirdi. Həmçinin proqnoz 8-15 oktyabr tarixlərində buğa bazarının bitməsini də əks etdirirdi. Nə qədər qəribə olsa da, lakin iyirmi nəhəng sənaye müəssisənin səhmlərinin orta qiymətlərinin ən yüksək göstəriciləri məhz 14 oktyabrda müşahidə olunmuşdu və həmin tarixdən sonrakı 30 gün ərzində onlar 10 punkt aşağı enmişdi. Qann noyabr ayında göstəricilərin enəcəyini təxmin etmişdi. O proqnozunda belə söyləmişdi: ” 10-14 noyabrda çaxnaşmalı enmə müşahidə olunacaq. Bu müddət ərzində səhmlərin dəyərləri bir xeyli enəcək. Bir çox səhmlər 4 gün ərzində 10 punkt enəcəklər”. Və 14 noyabr tarixində Nyu-York fond birjasında ticarətə çıxardılan 1,500, 000 səhmin ən aşağı orta qiyməti müşahidə olunmuşdu.
İnsanlar Qannın riyazi hesablamalarına və elmə əsaslanan möhtəşəm proqnozlarından heyrətə gəlirdi.
Onun təcrübəsi öz sözlərində də əks olunur
“Son on il ərzində mən bütün zamanımı və diqqətimi spekulyativ bazarlara həsr etdim. Bazar haqqında ətraflı bilikləri olmayan digər bir çoxları kimi məndə min dollarlar itirdim, adi enişlər və yüksəlişlər yaşadım, necə ki, hər hansı bir sahəyə nabələd olan naşı treyder yeni bazara daxil olur ”.
“Tezliklə mən başa düşməyə başladım ki, bütün müvəffəqiyyətli insanlar – istər vəkil, istər həkim, istərsə də alim olsun, öz sahələrində çoxlu pullar qazanmamışdan öncə, öz ixtisaslarını araşdırmağa və onu dərindən öyrənməyə illərini sərf etməli olmuşlar”.
Qannın bu sözləri əbədi olaraq tarixdə qalacaq. Çünki o, öz dövründə düşüncə və tədqiqatı stimullaşdıran dahi insanı idi. Tarix təkrarlanır. Amma acgözlük və böyük gəlirlər arzusu dəyişmir. Bu insan təbiətinə xas xüsusiyyətlərdir və bu, adi sıravi bir insana da təsir edərək onun investisiyalarda və ya spukulyasiyalarda itkilərlə üzləşməsinə gətirib çıxarır. Bu bizim Qanndan öyrəndiyimiz qiymətli dərslərdən biridir. Şübhəsiz, V. D. Qann adı ticarət dünyasında əfsanəvi adlardan biridir.