Vahid Əhmədov: “Maliyyə Nazirliyi daha sərt mövqe tutmalıdır”

Vahid Əhmədov, Millət vəkili

“Baxın, Azərbaycanın bazarında nələr baş verir, qiymətlər sürətlə artır. İstər ərzağın, istər dərmanın qiyməti sürətlə bahalaşır”.

Banker.az bildirir ki, Milli Məclisin deputatı Vahid Əhmədov bu fikirləri parlamentdəki büdcə müzakirələrində söylədi.

Sahibkarlara güzəştlə bağlı verilən son qərarı təqdir edən V.Əhmədov bildirdi ki, bu, sahibkarlığın inkişafına stimul verəcək: “Niyə bu vaxta qədər vergidən yayınırdılar? Çünki vergi olduqca yükək idi. Sahibkar 40 faizədək vergi ödəmək məcburiyyətində qalırdı. Ona görə də ikili mühasibatlıq geniş yayılmışdı”.

Deputat qeyd etdi ki, hazırda adambaşına xarici borcumuz artıq 1000 dollara yaxınlaşır. Bu da ÜDM-in 22 faizi deməkdir.

V.Əhmədov bildirdi ki, bu, digər ölkələrə baxanda elə də böyük vəsait deyil: “Amma həmin borcların dövlət büdcəsi hesabına ödənilməsi yolverilməzdir. Maliyyə Nazirliyi xarici borcumuzla bağlı daha sərt mövqe tutmalıdır”.

Deputat bank kreditləri ilə bağlı duruma da diqqət çəkdi. Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarına toxunan deputat “mən bu qərarı qəbul etmirəm” dedi. Bildirdi ki, bank sistemində dollar kreditləri ilə bağlı daha kritik vəziyyət yaranıb.

Musavat