Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Banker.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Zəngin həyat və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz haqlı olaraq Sizə ölkədə və onun hüdudlarından kənarda həmkarlarınızın və tərəfdaşlarınızın hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə inamla irəliləyir, davamlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövləti məsələlər uğurla həll edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl iş aparılır.
Fürsətdən istifadə edib Azərbaycan Respublikasında “LUKOYL”un layihələrini dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, biz ölkələrimizin mənafeyi naminə azərbaycanlı tərəfdaşlarımızla fəal və qarşılıqlı faydalı işi davam etdirmək əzmindəyik.
Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim”.