İraqın Baş naziri Məhəmməd əs-Sudani Vahid Ələkbərovla görüş keçirib. Milyarder 2022-ci ildə Böyük Britaniyanın sanksiyaları altına düşdükdən sonra LUKOIL-in (MOEX: LKOH) rəhbəri postunu tərk edib. Onun bu gün keçirilən danışıqlarda hansı statusda iştirak etdiyi isə məlum deyil. İraq hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüşdə neft tədarükünün sabitləşdirilməsi və ABŞ sanksiyalarının İraqın neft istehsalı imkanlarına təsirinin qarşısının alınması məsələləri müzakirə olunub.
İraq hökumətinin mətbuat xidmətinin məlumatı ilə eyni vaxtda “Reuters” agentliyi ölkənin energetika sektorundan olan üç nümayəndəyə istinadən yazıb ki, İraq hökuməti ABŞ hakimiyyətindən “Qərbi Qurna-2” yatağının fəaliyyətini çətinləşdirən sanksiyalara altı aylıq möhlət verməsini xahiş etməyi planlaşdırır.
“Qərbi Qurna-2” İraqın cənubunda yerləşir. Bu yataq ölkənin ümumi neft hasilatının 9%-ni təmin edir. LUKOIL yatağın 75%-lik paya malik operatorudur. Şirkət burada sutkada 480 min barel neft hasil edir. Bu, LUKOIL-in ən qiymətli xarici aktividir.
“Reuters”in məlumatına görə, LUKOIL 10 noyabrda yataqda fors-major şəraitinin yarandığını elan edib. Şirkətin ödənişləri dondurulub. “Rudaw” telekanalının məlumatına görə, İraqın dövlət neft satış şirkəti SOMO, LUKOIL tərəfindən hasil olunan neftin yataqdan göndərilməsini qadağan edib. “Reuters” qeyd edir ki, İraq hakimiyyəti ABŞ sanksiyalarını pozmadan yatağın istismarını davam etdirməyə imkan verəcək mexanizm axtarır.
25 oktyabrda ABŞ LUKOIL və onun törəmə şirkətlərinə qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Aktivlərlə bağlı əməliyyatlar 21 noyabradək tamamlanmalıdır. Sanksiyalar altına düşdükdən sonra LUKOIL xarici aktivlərini satmaq niyyətində olduğunu bildirib. 14 noyabrda şirkət bir neçə potensial alıcı ilə danışıqlar apardığını açıqlayıb.






