12 C
Baku
Wednesday, December 11, 2024

“Vahid elektron lövhə”nin tətbiqinə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun 2021-ci ilin Fəaliyyət Planı üzrə tədbirləri davam etdirir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin Fəaliyyət Planının mühüm bəndlərindən biri də ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması ilə bağlı tədbirləri nəzərdə tutur. İnzibatçılığın təkmilləşdirilməsini nəzərdə tutan belə mühüm mexanizmlərdən biri də ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı olan “Vahid elektron lövhə”nin yaradılması və tətbiqinə başlanılmasıdır.

Vergi Məcəlləsinin müddəalarına əsasən, əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, vergi ödəyicisinin müraciətinə əsasən, hesablanmış vergidən artıq olan məbləğ sahibkara qaytarılır. Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələri əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyənləşdirir.

Hesabat dövründə həm 18 faizlə, həm də sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan, bu zaman vergi tutulan dövriyyəsinin azı 50%-i sıfır dərəcə ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Digər vergi ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

Prosesin daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” hazırlanıb. Bu layihə Maliyyə Nazirliyi ilə birlikdə işlənib və bu gündən vergi ödəyicilərinin istifadəsinə verilib.

“Vahid elektron lövhə” platformasının bəzi üstünlükləri var. Belə ki, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizəni vergi ödəyicilərinin izləməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edəcək. Vergi ödəyicisi müraciətinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə biləcəkdir. “Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənəcək. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatları vergi ödəyicilərinin Dövlət Vergi Xidmtinin internet səhifəsində onlayn izləməsi mümkün olacaq. Bundan başqa, ərizənin doldurulma prosedurunun sadələşdirilməsi vergi ödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq.

«Vahid elektron lövhə» ilə bağlı proseslər xəritəsi aşağıdakı kimidir: Vergi ödəyicisi «Asan İmza» ilə şəxsi kabinetinə daxil olur və «Onlayn Kargüzarlıq» bölümündə artıq ödəmənin geri qaytarılması üçün «Elektron Ərizə»ni seçir. Sonra o, «Elektron Ərizə»ni qaydalara uyğun tərtib edib Dövlət Vergi Xidmətinin aidiyyəti strukturuna göndərir. Eyni zamanda ərizənin vəziyyəti barədə məlumatlar «vahid elektron lövhə» də əks olunur. Hər hansı səbəbdən imtina edildikdə və ya vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda «lövhə»də imtina səbəbi və tarixi qeyd edilir. Daha sonra artıq ödənilmiş vəsait vergi öəyicisinin bank hesabına köçürülür və vəsaitin bank hesabına köçürülməsi barədə məlumatı Maliyyə Nazirliyi “vahid elektron lövhə”yə məlumat ötürür. Ərizədəki məlumatlar dügün olduğu halda vergi orqanı Rəy hazırlayaraq platforma üzrərindən Maliyyə Nazirliyinə ötürür. Maliyyə Nazirliyi Rəyə baxaraq yerli xəzinədarlıq orqanına icraya yönəldir və «vahid elektron lövhə»yə bu barədə məlumat ötürülür.

Son xəbərlər
Digər xəbərlər