-1 C
Baku
Sunday, December 15, 2024

Vahid valyutalı dünya mümkündür mü?

Dünyada bəzi iqtisadi bloklar istisna olmaqla, demək olar ki, hər bir ölkənin öz milli valyutası olsa da, reallıqda bu valyutaların sadəcə bir neçəsi aktiv olaraq beynəlxalq ticarətdə istifadə edilir. Valyuta birjalarında bütün dünya tərəfindən qəbul edilən cəmi 8 valyuta var ki, bu funksional valyutalar dünya ticarətinin əsasını təşkil edir. Ancaq dünya qloballaşdıqca, ticarət və pullar da qloballaşır, yeni monetar birliklər yaranır və ortaq valyutalardan ümumi istifadə halları artır. Digər tərəfdən, fərqli valyutaların məzənnəsini idarə etmək üçün mərkəzi banklar böyük həcmdə vəsaiti xarici valyuta ehtiyatları kimi saxlayır və hökümətlər müxtəlif monetar və fiskal alətlərlə yerli valyutanın xarici valyutaya nisbətdə məzənnəsini qoruyur. Məsələn, Argentina pesonun dollara qarşı məzənnəsini qorumaq üçün uçot faiz dərəcəsini 60%-ə qədər artırır və ya Türkiyə lirəni qorumaq üçün dollarda olan əmanətlərə əlavə vergi tətbiq edir və s.  Fərqli valyutada əməliyyatlar aparmaq şirkətləri və ölkələri həmişə valyuta riski ilə üz üzə qoyur və bazarlarda vollatilliyi artırır. Bəs belədirsə, niyə bütün dünya vahid valyutaya keçmir? Vahid valyutalı dünya mümkündür mü?

Birinci vahid valyutalı rejimin əsas üstünlükləri haqda qısaca təsəvvür yaradaq. Vahid valyutalı rejim əməliyyat xərclərini mütləq sürətdə azalda bilər. Əgər indi AZN valyutasında olan bank kartımızla, xarici ölkədə əməliyyat etdikdə, məzənnə nisbətinə görə müəyyən qədər uduzuruqsa, vahid valyutalı rejimdə belə xərclər olmur. Həmçinin, müxtəlif valyutada böyük məbləğlərlə əməliyyat edən iri şirkətlər də valyuta xərcindən azad ola bilər. Təkcə onu qeyd etmək olar ki, Avropa Monetar Birliyinə üzv ölkələr belə əməliyyat xarclərinin aradan qaldırılması ilə ildə təxminən 20 milyard avro qənaet edə bilir. Bundan əlavə, vahid valyuta sərbəst kapital və ticarət axınını tənzimləyə bilər. Avropa Birliyi ölkələri monetar birlik yaratdıqdan sonra (Avronun vahid valyuta kimi tətbiqindən sonra) ölkələr arasında ticarət həcmi 16%-ə qədər artmışdır. Vahid valyutanın tətbiqi həm də qiymətlərdə şəffaflığı artıra və mal və xidmətlərin müqayisəsini asanlaşdıra bilər.

Vahid valyutanı hələ ki, qeyri-mümkün edən əsas faktorları sıralasaq, ən vacib faktor kimi azad monetar siyasətin itirilməsi faktorunu qeyd etmək olar. Bildiyiniz kimi, ölkələrdə monetar siyasətin tətbiqinə cavabdeh qurum müstəqil şəkildə müəyyən alətlərlə monetar sabitliyi təmin edən mərkəzi banklardır. Əgər vahid valyutadan istifadə edilsə, ölkələrdə sarbəst monetar siyasət termini aradan qalxacaq. Vahid monetar siyasət isə iqtisadi böyümənin başqa tsikllərində olan ölkələrin iqtisadiyyatları üçün ən uyğun variant olmaya bilər. Məsələni daha aydın izah etmək üçün milli valyutasını dollara nizamlayan (peg) ərəb ölkələrinin düşdüyü iqtisadi vəziyyəti misal gətirmək olar. Bu ölkələr öz valyutalarını dolların bazarda hərəkətinə görə nizamlayır və dollar ucuzlaşdıqda, onlar da öz valyutalarını uçot faiz dərəcəsini azaldaraq ucuzlaşdırırlar. Beləcə valyuta riskini azaltmaqla, beynəlxalq bazarda yerli iqtisadiyyatı investorlar üçün cəlbedici edirlər. Lakin məsələnin digər tərəfi də var. ABŞ Federal Ehtiyat Bankı (FED) müstəqil şəkildə monetar siyasət yeridir və monetar alətləri ABŞ bazarının vəziyyətinə görə tətbiq edir. Hal-hazırda ərəb ölkələri neftin azalan qiymətinin təsiri ilə iqtisadi daralma ilə üzləşdiyindən, genişləndirici monetar siyasətin tətbiqinə ehtiyac duyur: yəni uçot faiz dərəcələrini azaltmaq lazımdır ki, borclanma faizi aşağı düşsün və iqtisadiyyat böyüsün. Ancaq digər tərəfdən, ABŞ iqtisadiyyatı həddən artıq böyümə mərhələsində olduğundan FED uçot faiz dərəcəsini artırır. Göründüyü kimi, öz valyutasını dolların hərəkətinə görə nizamlayan ərəb ölkələri iqtisadi tsiklin eniş mərhələsində olsa da, iqtisadi tsiklin böyümə mərhələsi üçün nəzərdə tutulmuş monetar siyasət tətbiq etməyə məcbur olur. Bu həqiqətən məcburiyyətdir, çünki, monetar siyasəti dəyişmək ölkədən kapital axınına gətirib çıxara bilər.

Vahid monetar cəbhədə olmağın bir digər mənfi cəhəti ölkələrin iqtisadi inkişaf səviyyələrində olan fərqlərin səbəb olduğu xərclərdir. Vahid valyutalı rejim o deməkdir ki, valyutada istənilən hərəkətlənmə hər bir ölkə iqtisadiyyatına təsir edir və valyutanın dünya bazarlarında hərəkətinə hər bir ölkə cavabdehdir. Məsələn, ölkələrin biri iqtisadi böhranla üzləşsə, valyuta məzənnəsini sabit saxlamaq və böhranın ölkəyə təsiri azaltmaq üçün, eyni valyutadan istifadə edən digər ölkələr də böhranda olan ölkəyə kömək etməlidir. Yenə də praktik bir misalla məsələni daha aydın izah etmək olar. Avropa Birliyi ölkələrindən olan Yunanıstanın düşdüyü iqtisadi böhranın birliyin iqtisadiyyatına təsiri o qədər böyük oldu ki, hətta birliyin dağılması mövzusu müzakirə edildi. Böhran zamanı, Beynəlxalq Valyuta Fondu (İMF) və Avropa Mərkəzi Bankının verdiyi xisaletmə paketi kifayət etmədiyindən, Almaniya əlavə olaraq 110 milyard avro yardım etməklə, Avropa Birliyini demək olar ki, tarixi rüsvayçılıqdan xilas etdi. Ancaq Yunanıstanın böhranda xilas etmək üçün Almaniyanını xərci təkcə 110 milyard avro ilə qurtarmadı. Bazarlarda avro valyutasına olan güvən sarsıldı, Avropada ticarətin həcmi azaldı və Almaniyanın ixracı milyardlarla avro ziyan gördü. Tarixi hadisələr açıq aydın göstərir ki, vahid valyutalı rejimdə, qüdrətli iqtisadiyyata malik ölkələr iqtisadi cəhətdən zəif ölkələrin səbəb olduğu böhranı aradan qaldırmaq üçün və onların iqtisadiyyatlarını öz iqtisadiyyatlarına uyğunlaşdırmaq üçün böyük xərclər çəkməli olacaqlar.

Dünyada vahid valyutaya keçid hələ 19-cü əsrdə fikir kimi səslənmişdir. Ancaq məsələnin hələ də tətbiq olunmaması həm yuxarıda sadalanan iqtisadi amillərdən, həm də siyasi və sosial aspektlərdən asılıdır. Qloballaşan iqtisadiyyatda valyutalar iqtisadi şokların daxili iqtisadiyyata ötürülməsinin qarşısının alınması üçün bir vasitə kimi istifadə edilir. Həmçinin siyasi, dini və ya milli konflikti olan ölkələr üçün vahid valyutanın tətbiqi mərkəzi bankların müstəqilliyini həmişə sual altına qoya bilər ki, bu da bazarlara inamı azalda bilər. Məsələn, İran İslam Respublikası və ABŞ eyni valyutadan istifa etsə, dünyadakı yeganə mərkəzi bankın hansı qərarı müstəqil sayıla bilər? Bütün faktorlar ona dəlalət edir ki, vahid valyutanın tətbiqi üçün dünyada həm iqtisadi, həm də siyasi harmonizasiya qaçınılmazdır. İndiki mərhələdə, bəzi iqtisadi bloklar istisna olmaqla, iqtsadiyyatın harmonizasiyası istənilən səviyyədə deyil və irəliləyişlərin olması üçün nəinki iqtisadi, həm də siyasi və sosial harmonizasiya şərtdır.

  — Müəllif —
Ali Dadashzade, ACCA

Son xəbərlər
Digər xəbərlər