11 C
Baku
Wednesday, December 11, 2024

Vakansiya var, amma iş yoxdur

Bu gün bir çox iş axtaranlar belə problemlərlə rastlaşırlar. İnternetdə işlə bağlı vakansiya var, amma iş yoxdur. Azad Ələkbərov (adı şərtidir) şəxs  qeyd edir ki, 5 ildi iş axtarıram amma iş tapa bilmirəm. Səbəb işəgötürənlərin fırıldaqlarıdır. Misal üçün iş elanları saytında yerləşdirilən vakansiyalara baxırsan, müxtəlif suallar üzə çıxır. Misal üçün mühasib yeri üçün yalnız xanım axtarılır. Niyə xanım soruşduqda bizə yalnız xanım lazımdır. Bu prinsip həmdə hüquq bərabərliyini pozur. Konstitutsiyada buna qarşı maddə də var. Ayrı seçkliyə yol verilməməzliklə bağlı xüsusi qeydlər nəzərdə tutulub. Amma işəgötürən isə bu tələbi nəzərə almır. İstədiyi kimi də, öz işini görür. Digər bir məqam ondan ibarətdir ki, səni boş müsabiqə və müsahibələrə çağırırlar. Nəticədə sənə zəng edəcəyik, deyib yola salırlar. Nəticədə illər belə gözləsən, heç bir zəng olunmur. Sən isə ümidlə yaşayırsan ki, sənə zəng olunacaq və nəhayət işlə təmin olunassan. Bir dəfə müsahibəni uğurla keçdim, mənə mütləq sabah zəng edəcəklər dedilər. Sonra müəyyən olundu ki, işəgötürən o yerə artıq işçi götürüb və bu sadəcə bir söz idi ki, mənə deyirdi.

Arif Əliyev (adı şərtidir) qeyd edir ki, ümumiyyətlə işəgötürənlər bəzi hallarda Məşğulluq  Mərkəzləri ilə birgə iş görürlər. Yəni vakansiya çıxardığı məlumatı hər hansı bir şirinliklə ört-basdır edirlər. Məşğulluq Mərkəzləri də, buna görə işə səthi yanaşıllar. Bəzi hallarda Məşğulluq Mərkəzi ümumiyyətlə müavinat verməkdən yan keçir. 2017-ci ildə  Bakı şəhərində yerləşən Məşğulluq Mərkəzlərinin birinə müraciət etdim. Mühasib olaraq mənə Araz supermarketlərinin birində 150 manatlıq kassir işi təklif etdi. Baxmayarq ki, neçə illər baş mühasib işləmişəm və 150 manata ümumiyyətlə Bakı şəhərində, ailəli adam 3-4 günün yola verə bilər. Soruşduqda niyə belədir. Əmək haqqı belə azdır. Dedilər biz minimum əmək haqqı miqdarında iş təklif edə bilərik. İmtina etsəniz, sizin yenidən işə müraciət etmək hüququnuz müəyyən müddətdən sonra yaranacaq. Bizdə yalnız ən böyük iş kassir işidir. Digər işlər Mənzil İstismar Sahəsində fəhlə və ayıq sürücü işləridir. O da sizə uyğun deyil.

Aynur Məmmədova (adı şərtidir) qeyd edir ki, işlə bağlı müraciət etdikdə, şirkətdən məni müsahibəyə dəvət etdilər. Qeyd etdilər ki, siz rəhbərin katibəsi olacaqsınız. Dedim əmək haqqı nəqədərdi? Dedilər 1500 manat. Bu əmək haqqı ona görə verilir ki, siz müdirin qanundan kənar həyat yoldaşı olacaqsınız. Dedim anlamadım, siz nə danışırsız? Dedilər katibə işinə tələb belədir. Yazılmamış tələb. Ümumiyyətlə ölkədə qadınların iş tapılması üçün, gərək rəhbərlərin və ya şöbə müdirlərin ikinci həyat yoldaşı olasan ki, sənə iş versinlər. Bir çox təşkilatlarda tələb belədir. Ehtiyacı olan məcbur olur bu yola gedir. Bəzi hallarda bu yola boşanmış və ehtiyac içində qalan qadınlar, karyerasını qurmaq istəyən amma arxası olmayan və təminatlı həyat görmək istəyən qadınlar düşürlər.

Aydın Qurbanov (adı şərtidir) qeyd edir ki,  vakansiyalarda göstərilən yerlər tələblərə uyğun deyil. Təsəvvür edin ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Amma işə müraciət zamanı vakansiyada rus, ingilis və sair dilləri mükəmməl bilənlərə üstünlük veriləcək qeyd edilir. Halbu ki, təşkilat yalnız daxildə fəaliyyət göstərir. Bu tələbin qoyulması yersizdir. Digər ölkələrə baxanda bizdə öz dilimizə hörmət qalmayıb demək daha yerinə düşərdi. Avropa ölkələrinin bir çoxlarına baxsaq orada əsasən yerli dili bilən şəxslərə üstünlük verilir. Bizdə isə əksinə. Bu nə ilə bağlıdır? Vakansiya ilə bağlı hər adam müraciət etməsin bir tələbidir və ya əksinə qeyd etdiyim kimi, dilimizə hörmətsizliklə bağlıdır. Bəzi hallarda elə olur ki, şirkətin rəhbəri savadsız heç bir dili bilməyən, hətta öz dövlət dili olan Azərbaycan dilində belə danışa bilməyən şəxs olur. İnsanda o necə şirkətə rəhbərlik edir sualına illərlə cavab axtarsan tapmarsan. Bəzən də fikirləşirsən ki, yəqin bunun arxasında yüksək çinli adam durub və ya işi aparan başqasıdır və  bu sadəcə fiqurdur ora təyin olunub.

Vahid Abuşov (adı şərtidir) qeyd edir ki, bir dəfə bir holdinqə müraciət etmişdim. Bütün sınaqlardan keçdim nəticədə, məni mühasib əvəzinə, dizel yanacağı üzrə operator vəzifəsinə təyin etdilər. Etiraz etdikdə dedilər, yəqin başın bədəninə ağırlıq edir. Əsas odur iş olsun nə fərqi var mühasibsən, dizel yanacağı üzrə operator işləyirsən. Ən əsası maaş alassan və işsiz olmayassan. Mən isə oranı tərk etdim. Çünki artıq insana sadəcə bir əşya kimi yanaşdıqlarından mənə bəli oldu. Yəni etiraz etmə nə deyillər qəbul et. Sənin kimi isə ölkədə yüzlərlədir deyib təhqir edirlər. Ehtiyacdan sən bunu qəbul etməlisən və ya yenidən iş axtarmalısan. Bundan əlavə çox bilirsən, az danış prinsipinə də mütləq əməl etməlisən. Ola bilər ki, bu gün bioloq və ya baytar mühasib işləsin bu yanaşma işəgötürənin səlahiyyətinə aiddir. Buna görə də, heç kəs yerində olmadığı üçün sənin də, buna görə nəsə deməyin mənasızdır.

Xalidə Şabanova (adı şərtidir) qeyd edir ki, bir dəfə İnsan Resursları ilə bağlı vəzifə ilə bağlı bir şirkətə müraciət etdim. Nəticədə məni İnsan Resursları şöbəsinin müdiri qəbul etdi. Müsahibədə bütün suallara cavab verdim. Amma məni işə götürə bilməyəcəyini qeyd etdi. Səbəb isə, mənim gələcəkdə, onun yerinə tutacaq namizəd olduğunu qeyd etdi. Yəni mən ondan daha çox bilirəm. Bundan da belə nəticə çıxarmaq olar ki, burada daha çox bilməkdə kimlərəsə mane olur. Ola bilər ki, işəgötürənə savadlı kadr lazımdır. Amma imtahan edən şəxsə yox.

Samir Abdullayev (adı şərtidir) qeyd edir ki, işə müraciət zamanı mənasız sertifikat tələbi və iş təcrubəsi tələbi var. Vakansiya ilə bağlı tələbə baxanda bəzən insanda gülünc doğurur məqamlar ortaya çıxır. Yazıb 21 yaşda təcrubəli olan, ali təhsilli hərbi xidmətdə olmuş, 3 dil bilən sertifikatları olan şəxslər işə bağlı müraciət edə bilər. Orta məktəbi 17 yaşında bitirən şəxs ali təhsili diplomunu alsın 21 yaşında. Bəs hərbi xidməti nə vaxt keçməlidir? Bundan əlavə təcrübəsi olmaq üçün bu hardasa işləməlidir. 21 yaşlı gənc necə təcrübəli ola bilər? Sertifikat tələbləri də yersizdir. Bu insanı işə götürəndə müəyyən mərhələdən keçirdirsinizsə o halda, sertifikat tələbi niyə lazımdır? Belə olan halda işəgötürənin tələbi aydındır. Sadəcə Məşğulluq Mərkəzinin tələblərini yerinə yetirir. Yəni mən üzərimə düşən öhdəliyi yerinə yetirdim.

Qeydlərin yekununu amerikalı diplomat, siyasətçi, tarixçi həm də Kennana institutunun yaradıcısı Corc Frost Kennan sözü ilə yekunlaşdırmaq olar. O, qeyd edir ki, mənə kadr siyasətini verin, mən bütün siyasəti öz nəzarətim altında saxlayım. Kadr siyasəti çox önəmlidir. Əgər kadr siyasəti düzgün qurulubsa,  deməli şirkətin işi  axsamayacaq. Cəmiyyətdə, ölkədə inkişaf edəcək.

İqtisadçı – ekspert  Rauf  Qarayev

Son xəbərlər
Digər xəbərlər