27 C
Baku
Thursday, July 18, 2024

Valideyn-pələng və valideyn-helikopter: xoşbəxt insan yetişdirmək üçün kim olmalıyıq?

Harvard alimi Ronald Ferqyuson 15 il Silikon Vadisinin məşhur sahibkarları, siyasətçiləri, idmançıları, musiqiçiləri və onların valideynləri ilə araşdırma aparıb. Sonda o, görkəmli nəticələr əldə etməyə imkan verən təhsil formulunu alıb. Məlum oldu ki, belə insanların valideynlərinin hamısında ortaq bir şey var və bu, sosial status, etnik mənsubiyyət və ya maddi rifah səviyyəsi deyil. Onların hamısı oxşar valideynlik strategiyalarına əməl edirdilər. Uğurlu valideynlərin təcrübəsini birləşdirərək Ferqyuson hər birimizin istifadə edə biləcəyi qaydalar toplusunu yaratdı.

İqtisadçı Ronald Ferqyuson Massaçuseç Texnologiya İnstitutunu bitirib və 1983-cü ildən Harvard Con Kennedi adına hökumət institutunda dərs deyir. Onun elmi marağının əsas istiqaməti – təhsilin iqtisadiyyatı və cəmiyyətin inkişafıdır. O əmindir ki, təhsil sistemindəki səhvləri düzəltmək yolu ilə iqtisadi problemləri həll etmək olar, təhsil bərabərsizliyi isə əməkhaqqı bərabərsizliyinin artmasına və nəticədə irimiqyaslı sosial problemlərə gətirib çıxarır.

Ronaldı maraqlandıran başqa bir mövzu – valideynlik strategiyalarıdır. Məhz bu mövzuda iqtisadçı hər bir valideynin istifadə edə biləcəyi “Uğurlu uşaqları yetişdirmək üçün Harvard strategiyası” adlı əsərini yazmışdı. Həmin bu “Harvard formulu” təsirli uğur qazanmış insanlar və onların valideynləri ilə dərin müsahibələrə əsaslanır. Ferqyuson əmindir ki, onun hazırladığı qaydalardan istifadə etməklə insanlar övladlarının öz potensialına çatmalarına, ağıllı, uğurlu və xoşbəxt olmalarına kömək edə biləcəklər.

Ustalıq səviyyəsinə yüksəlmiş valideynin 8 rolu

Harvard formulu – səkkiz müxtəlif valideynlik roludur ki, onlardan hər biri uşağın həyatının ayrı-ayrı mərhələlərində əhəmiyyətlidir. Bu rollar davranışlar toplusudur: insanın uzun illər ərzində qəbul etdiyi hərəkətlər və qərarlar. Ferqyusonun təqdim etdiyi rolların həyata keçirilmə üsulu ailənin yaşadığı şəraitdən və valideynlərin fikirlərindən asılı olsa da, bütün demoqrafik vəziyyətlərə uyğundur.

Erkən öyrənmə mərhələsində tərəfdaş

Erkən öyrənmə mərhələsində tərəfdaş – uşağın həyatının ilk beş ilində, beynin maksimum ölçüsünün 90%-ə qədər inkişaf etdiyi bir dövrdə əsas roldur. Valideyn tərəfdaş rolunu oynayaraq uşaqla çox vaxt keçirir, onunla maarifləndirici oyunlar oynayır, kitab oxuyur, təxəyyülünü stimullaşdırır və bilik əldə etmək istəyini yaradır.

Valideyn və uşaqlar tərəfindən oxunan və müzakirə edilən kitabxana kitabları uşağı məktəbə hazırlamağa kömək edir və ona özünə cavab tapmalı olduğu suallar vermək vərdişini öyrədir.

Bort mühəndisi

Uşaq məktəbə getdiyi zaman bort mühəndisi işə düşür. Bu rol kosmik gəmidəki bort mühəndisin mövqeyinə bənzəyir, çünki o, bütün qurğulara nəzarət edir və lazım gəlsə, nəyisə düzəltmək üçün istənilən vaxt müdaxiləyə hazırdır. Bort mühəndisi rolunda olan valideyn uşağın ətrafındakı bütün insanların və sistemlərin aydın, düzgün və xeyrinə işləməsini təmin edir. Əgər bir şey səhv olsa (davranış problemləri yaransa, uşaq ev tapşırığını yerinə yetirməkdə çətinlik çəkirsə və ya müəllimlə münasibəti gərgindirsə), bort mühəndisi dərhal məsələyə müdaxilə edir.

Tənzimləyici

Tənzimləyicinin də əsas funksiyası problemləri həll etməkdir və adətən, bu, təhsil müəssisələrindəki çətinliklərdir. Tənzimləyici uşağı istənilən fürsətdən uzaqlaşdıra biləcək problemləri aradan qaldıraraq xilasedici rolunu oynayır. Bəzən bu rol daha geniş imkanlara çıxış əldə edən, yad strukturlarla necə işləməyi bacaran tərəfdaşa çevrilir. Tənzimləyici rolunda olan valideyn müxbirlərin tanımadıqları düşmən mühitdə sağ qalmaq üçün işə götürdüyü bələdçiyə bənzəyir. O, həm də doğru insanları tapır və məqsədinə çatmaq üçün onların resurslarından istifadə edir.

Kəşfiyyatçı

Kəşfiyyatçı rolunda olan valideyn uşağa yeni ideyalar göstərir: o, nə öyrənə, hara gedə və ya gələcəkdə kim ola bilər.  Uşağın kim olmağa qadir olduğunu göstərən valideyn onu gələcək perspektivlər ilə tanış edir. Siz, məsələn, uşağınızı onun dünyagörüşünü genişləndirəcək konsertlərə, muzeylərə, paradlara apara və digər uğur insanların nümunəsini göstərə bilərsiniz.

Fəlsəfəçi

Fəlsəfəçi hələ uşağın uşaqlıq illərində oyuna girir və ona həyatındakı məqsədini tapmağa kömək edir. Valideyn öz dünyagörüşünü uşaqla bölüşür və gələcəkdə bələdçi rolunu oynayır. Məsələn, yoxsulluq içində böyüyən uğurlu insanların valideynləri onlara öyrədirlər ki, yoxsulluq – uşaq üçün qəbuledilməz taledir.

Elizabet Li beş yaşlı Jarell ilə avtobusa minərək, ona küçələrdə veyllənən oğlanları və kişiləri göstərəndə inandıra bilmişdi ki, məktəbdə yaxşı oxumaqla belə bir aqibətdən qaçınmaq olar. Onun təhsil vasitəsilə uğur qazanmaq fəlsəfəsi öz bəhrəsini verdi. İndi Jarell Harvard Universitetinin məzunudur. O, 30 yaşdan gənc ikən bu məktəbin direktoru vəzifəsinə təyin edilmişdi.

Nümunə

Nümunə rolundakı valideyn uşağa sözlərlə deyil, hərəkətləri ilə öyrədir. Valideynlərin dünyaya baxışlarını əks etdirən davranışları uşağa onu necə bir insan kimi böyütmək istədiklərini aydın göstərir.

Jarell böyüyəndə Elizabet kollec kurslarına getdi. O, anasının təhsil almasına və oxumasına baxaraq böyüdü. Elizabet öz nümunəsi ilə oğluna qətiyyəti, əzmkarlığı, strateji davranışı və möhkəmliyi öyrətdi.

Vasitəçi

Vasitəçinin vəzifəsi uşağı müstəqil qərarlar verməyə və hərəkətlər etməyə hazırlamaq və öz müqəddəratını təyin etmək qabiliyyətini inkişaf etdirməkdir. Tənzimləyici uşağın təkbaşına öhdəsindən gələ bilmədiyi ciddi problemləri həll edərkən, vasitəçi onu bu kimi vəziyyətlərə hazırlayır. Bu o demək deyil ki, uşaq özü istənilən qərar verə bilər. Müstəqilliyi gücləndirməklə vasitəçi davranışa məhdudiyyətlər qoymaq, pis qərarlardan imtina etmək və ya lazımi tələbləri göstərmək üçün lazım gəldikdə müdaxilə edir.

Uşağın səs hüququ və öz yoluna sahib olmaq imkanı var, lakin sərhədləri və qaydaları valideyn müəyyən edir. Elizabet həmişə Jarellin fikrinə hörmətlə yanaşıb və ona böyüklərə sual vermək hüququna malik olduğunu öyrədib. Bununla belə, Jarell evdə qalıb kitab oxumaq istəyəndə, Elizabet ona vaxtını çöldə keçirməyi və özünə yeni dostlar qazanmağı təklif edib. Jarell anasının sözünə baxsa da, özü də söz sahibi idi: məktəbdənkənar məşğuliyyətləri uşaq özü seçirdi.

Naviqator

Sonuncu rol naviqatordur. Bu, uşağın yaddaşında qalan və məqsədlərinə çatarkən yoldan çıxmamağa kömək edən valideynin müdrikliyi və tövsiyələridir. Avtomobildə və ya telefonda olan naviqator kimi, valideyn də uşağa evini tərk etsə belə, sonrakı hərəkət istiqamətini göstərir.

Elizabet daim Jalleri yaxşı təhsilə layiq olduğuna inandırırdı. Məhz bunun sayəsində o, bəzən qorxunc akademik mühitdə və ya üzv olmaq istədiyi sosial məkanlarda özünü rahat hiss edirdi.

Formulun rollarını şərti olaraq iki qrupa bölmək olar. Birinci qrupa uşağın gələcəkdə uğurlu və rəqabətədavamlı olmasına kömək edəcək rollar daxildir (məsələn, Tərəfdaş).

İkinci qrup bir qədər kiçikdir, lakin o da çox əhəmiyyətlidir. Buraya uşağı uğura gedən yolda resurslarla təmin edən rollar daxildir. Onlara misal olaraq Bort mühəndisini və ya Tənzimləyicini göstərmək olar.

Formulun səkkiz rolundan yalnız iksi (Tərəfdaş və Bort mühəndisi) müəyyən ardıcıllıqla gəlir. Uşaq evdə təhsilini bitirib bağçaya, sonra isə məktəbə getdikdə, valideyn onun birbaşa nəzarətindən uzaqdan idarəetməyə keçir. Bu iki rol əsasdır. Məhz onlar vasitəsilə valideynlər uşağın xarici dünya ilə uğurlu qarşılıqlı əlaqəsini təmin edirlər.

Tərbiyənin üslubları: “Harvard formulu” onlardan nə ilə fərqlənir?

Əlbəttə ki, “Harvard formulu” – tərbiyə nəzəriyyələrindən yalnız biridir. Ondan əlavə digərləri də vardır, hansılarki uşağın həyatında fəal iştirak etməyin müsbət və mənfi tərəflərinə (valideyn – helikopter), dissiplinə yanaşmanın uşağın davranışına və davamiyyətinə necə təsir etməsinə (avtoritar və ya avtoritar) və digər istiqamətlərə yönəlir.

“Harvard formulu” onunla fərqlənir ki, biz uşağı görkəmli nailiyyətlər əldə etməsinə kömək edən tərbiyənin detallarına vurğu edirik. Başqa sözlə desək, biz təhsil sistemində mövcud olan tədqiqatlara etiraz etmək, irəli sürülən nəzəriyyələri sübut və ya təkzib etmək fikrində deyilik. Bununla belə, “Harvard formulu” artıq öyrənilmiş bir çox tərbiyə metodları ilə ümumi xüsusiyyətlərə malikdir. Onun fərqli və bənzər əlamətlərini daha yaxşı başa düşmək üçün hamısını müqayisə etməliyik.

Razılaşdırılmış valideynlik

1990-cı ildə Pensilvaniya Universitetinin sosioloqu Annett Laro və onun aspirantlardan ibarət komandası üç həftə ərzində hər gün 12 ailəni (altı ağdərili, beş afroamerikalı və bir irqlərarası) izlədi. Bu, 88 üçüncü və dördüncü sinif şagirdlərini əhatə edən geniş bir tədqiqat idi.

Laro belə nəticəyə gəldi ki, müxtəlif sosial-iqtisadi mənşəli uşaqlar tamamilə fərqli şəkildə tərbiyə olunur. O, bir-birinə zidd olan iki valideynlik tərzini müəyyən etdi və onlardan birincini konsesual (razılaşdırılmış) valideynlik adlandırdı.

Bu tərbiyə tərzi daha çox orta təbəqəyə xasdır. Onun sayəsində uşaqlar böyüklərlə, xüsusən də səlahiyyətli orqanlarla daha inamlı ünsiyyət qurmağı öyrənilər. Razılaşdırılmış tərbiyədə valideynlər övladın məktəbdənkənar fəaliyyətlərdə iştirakını dəstəkləyirlər. Laro qeyd edir ki, bu tərbiyə tərzini seçən valideynlər tez-tez uşağı özünün seçmədiyi şeyləri etməyə məcbur edirlər. Bundan əlavə, onlar uşaqları həddən artıq yükləməyə meyllidirlər, belə ki, özlərinə məxsus bir işə qarışmaq və ya boş vaxtlarını necə idarə etməyi öyrənmək imkanları yoxdur.

Təbii valideynlik

Laro tərəfindən müəyyən edilən ikinci valideynlik tərzi – təbii valideynlikdir. Bu, daha çox fəhlə və aztəminatlı ailələr üçün xarakterikdir. Onlar inanırlar ki, uşaq böyüklərin müdaxiləsi olmadan, təkbaşına inkişaf etməlidir.

Təbii valideynlik üslubu ilə böyüdülən uşaqların çoxlu boş vaxtları olur ki, bunun sayəsində onlar çöldə oynaya, maraqlarını inkişaf etdirə və dostluq edə bilirlər. Ancaq asudə vaxtı əksər hallarda təkbaşına keçirdikləri üçün, böyüklər və ya hüququ-mühafizə orqanları ilə ünsiyyət qurmağı öyrənmək onlara çətindir. Bundan əlavə, belə uşaqlar öz fikirlərini müdafiə edə bilmirlər. Valideynlər danışmaq və ya danışıqlar aparmağı öyrətmək əvəzinə, çox vaxt onlara əmr verirlər.

Eyni zamanda Laro qeyd edir ki, orta sinif valideynlərdən fərqli olaraq, fəhlə sinfinin nümayəndələri müəllim və ya rəhbərlərdən nə isə tələb etməkdə tərəddüd edirlər. Bu isə onların uşaqlarının daha aşağı keyfiyyətli təhsil alması ilə nəticələnir.

Əlbəttə ki, təbii valideynliyin də öz üstünlükləri var. Məsələn, uşaqlar fəaliyyətləri özləri seçmək, həmçinin bacı-qardaşları və digər ailə üzvləri ilə daha sıx əlaqələr qurmaq imkanı əldə edirlər. Həmçinin onlar daha az yorulur və daha çox müstəqil olurlar.

Valideyn-helikopter

“Valideyn-helikopter” termini 1969-cu ildə doktor Haim Qinott tərəfindən, “Valideyn-uşaq: münasibətlər dünyası” kitabında istifadə edilib. Bu kitabda uşaq anasının helikopter kimi onun üzərinə uçmasından şikayətlənir. “Helikopter” tərbiyə tərzinə üstünlük verən valideynlər uşağın həyatında çox iştirak edirlər və hətta ona müdaxilə edirlər. Buna baxmayaraq, helikopter valideynliyin də öz üstünlükləri var.

Məsələn, valideynlərin diqqətinin bolluğu sayəsində uşaq onların qayğısını hiss edir. Bundan əlavə, valideynlərin uşağa baxmaq, müəllimlərini izləmək, həmçinin onun yeni maraqlarını kəşf etmək üçün çoxlu imkanları olur.

Lakin, valideyn-helikopter çox vaxt övladının çətinliklərin öhdəsindən gəlməyi öyrənməsinə və özünə inam qazanmasına imkan vermir. Belə valideynlərin övladları üçün insanlarla, xüsusən də böyüklərlə münasibət qurmaq çətindir.

Valideyn-pələng

Yel Universitetinin professoru və iki uşaq anası Emi Çua 2001-ci ildə “Pələng ananın döyüş himni” adlı memuar yazaraq, məşhur “pələng-ana” ifadəsini işlədib. Valideyn-pələng övladına öyrənmə vərdişini aşılamaq üçün onunla oxuyur, oynayır və ümumilikdə çox vaxt keçirir. Lakin sonradan bu tip valideyn uşağından həm akademik, həm də məktəbdənkənar fəaliyyətlərdə mükəmməllik tələb etməyə başlayır.

Valideyn-pələng müstəqilliyi təşviq etmir və uşaqların həyatda öz məqsədlərini tapmasına mane olur. Üstəlik, bu cür tərbiyə tərzi emosional problemlərlə nəticələnir.

2013-cü ildə 444 çinli amerikalı tələbə arasında araşdırma aparılıb. Tədqiqat nəticəsində pələng üslublu tərbiyənin ən çox yayılmış və ən səmərəsiz olduğu ortaya çıxıb.

Avtoritar tərbiyə

Formulun nə olduğunu başa düşmək üçün sonuncu valideynlik tərzinə nəzərə yetirək. 1960-cı illərdə klinik psixoloq Diana Baumrind valideynlik haqqında mövcud baxışın yanlış və hətta zərərli ola biləcəyini düşünürdü. Düşərgələrin birində uşaqları döyməyin düzgün bir şey olmadığına inanan valideynlər var idi. Onlar əksinə, uşaq nalayiq hərəkət etsə belə, onu qucaqlayıb öpürdülər. Digər düşərgədə “dəmir əl” üsuluna sadiq olan valideynlər var idi ki, onlar sərt olmalı idilər və çəkinmədən fiziki cəzaya əl atırdılar.

Baumrind hər iki düşərgənin səhv olduğunu hesab edirdi. O, dövriyyəyə avtoritar tərbiyə anlayışını saldı. Avtoritar valideynlik uşağa sevgi ilə xarakterizə olunur, eyni zamanda qaydalara gəldikdə ədalətli və sərt davranışı nəzərdə tutur. Bu şəkildə böyüyən uşaq valideynlərinin onu dinlədiyini, hörmətlə yanaşdığını bilir. Avtoritar valideynlər icazə verilən şeylərin öz qərarlarını verməyə imkan vermək arasında tarazlıq yaradırlar.

“Harvard formulu” yuxarıda sadalanan bütün üslublarla ümumi xüsusiyyətlərə malik olsa da, onlardan ağıllı və uğurlu yetkinlər yetişdirmək üçün daha üstündür. Səbəb nədir? Ustalığa yüksəlmiş valideynlər təhsilə şüurlu yanaşırlar və strategiya qururlar.

Son xəbərlər
Digər xəbərlər