İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilməkdə ittiham olunan şəxs həbs edilib. Bu haqqda məlumatı Qafqazinfo yayıb.
33 yaşlı Alışan Nizami Akif oğlu sosial şəbəkələrdə investor və bloger kimi kifayət qədər auditoriyası olan şəxs kimi tanınır. Alışanı sosial şəbəkədən tanıyıb ona müraciət edənlər isə – Usubov Zeynal Mütəllim oğlu, Məmmədzadə Babək Məhəmməd oğlu və İsrafilov Yadigar Şibi oğludur.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd etdiyimiz vasitə ilə ələ keçirildiyi bildirilir.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.