12 C
Baku
Saturday, November 23, 2024

Valyuta Bazarında Üçtərəfli Arbitraj

Müəllif: Fariz Hüseynov

Valyuta bazarlarında arbitrajın bir növü üçtərəfli arbitrajdır. Bundan əvvəlki yazıda yer arbitrajından bəhs etmişdik. Üçtərəfli arbitraj üç fərqli valyuta kursundan yaranır. Əsas amil budur ki, bu kurslar arasındakı fərq arbitraj imkanı yaratsın.

Bu yazıda alış-satış qiymətləri veriləndə üçtərəfli arbitraj imkanından bəhs edəcəyik.

Tutaq ki, köhnə dostumuz Əhməd fərqli yerlərdə aşağıda valyuta kurslarını müşahidə edir:

Yer Kurs

Alış

Satış

A EUR/USD

1.25

1.35

B AZN/USD

1.30

1.40

C EUR/AZN

0.80

0.85

A-da verilmiş kurs 1 avronun bank və ya diler tərəfindən 1.25 dollara alınıb 1.35 dollara satıldığını göstərir. Eynilə B-dəki kurs 1 manatın 1.30 dollara alınıb 1.40 dollara satıldığını göstərir. C-də isə 1 avro 0.80 manata alınıb 0.85 manata satılır. Bu bazarlar arasında arbitraj imkanı var mı? Bunu müəyyən etmək üçün hər hansı iki valyuta kursundan elə çapraz kurs hesablamaq lazımdır ki, üçüncü kurs ilə müqaisə etmək mümkün olsun. Mümkün variantlardan birinə baxaq.

A və B-də verilmiş kurslardan C-dəki kursun bənzərini (çarpaz kurs) hesablayaq. Əvvəlcə alış qiymətini müəyyən edək. Bu qiymətdə Əhməd banka avro sataraq əvəzində bankdan manat alır. Deməli Əhməd A-da avronu satıb dollar əldə etməli, sonra B-də dolları satıb manata çevirməlidir. Əhməd əvvəlcə birinci sətirdə 1 avronu satıb 1.25 dollar alır, ikinci sətirdə 1.25 dolları satıb 0.8929 (=1.25 / 1.40) manat alır. Əhməd bir avronu satıb əvəzində 0.8929 manat aldı. Deməli, EUR/AZN alış kursu olur 0.8929.

İndi isə satış qiymətinə baxaq. Bu qiymətdə Əhməd banka manat sataraq əvəzində bankdan avro alır. Bunun üçün manatı B-də dollara dəyişib, həmin dolları A-da avroya çevirməlidir. Əhməd 1 manatı B-də 1.30 dollara çevirdikdən sonra, bu dollarları A-da sataraq 0.9630 (=1.30 / 1.35) avro alır. Deməli Əhməd 1 avro almaq üçün 1.0385 (=1 / 0.9630) manat verməlidir. Nəticədə EUR/AZN satış kursu olacaq 1.0385.

Əhməd artıq A+B-dən əldə etdiyi çapraz kurs ilə C-dəki kursu müqaisə edə bilər:

Yer Kurs

Alış

Satış

A+B EUR/AZN*

0.8929

1.0385

C EUR/AZN

0.80

0.85

Bu kurslar göstərir ki, avronun A və B-dəki çapraz manat kursu C-dəki kursundan fərqlidir və arada arbitraj imkanı var. Bəzən kurslar fərqli olsa da alış-satış qiymətlərinə baxanda arbitraj imkanının olmadığı görünür. Burada isə avronu C-də 0.85 manata alaraq A+B-də 0.8929 manata satmaq olar. Diqqət edin ki, bu həm də o deməkdir ki, Əhməd manatı A+B-də alaraq C-də satır.

Tutaq ki, Əhməd arbitraja 1000 manat ilə başlayır. Həmin 1000 manatı C-də sataraq 1176.5 (= 1000 / 0.85)avro alır. Daha sonra 1176.5 avronu A-da sataraq 1470.625 (= 1176.5 * 1.25) dollar alır. Son addımda Əhməd 1470.625 dolları B-də sataraq  1050.45 (= 1470.625 / 1.40) manat əldə edir.

Beləliklə, Əhməd 1000 manatla başladığı arbitrajı 1050 manat ilə başa çatdırır və 50 manat mənfəət əldə edir. Bu isə 5% gəlirlilik deməkdir.

Real həyatda müxtəlif yerlərdə post edilmiş valyuta kursları arasında çox müxtəlif üçtərəfli arbitraj imkanı yaranır. Bu zaman əsas məsələ iki yerdə post edilən kursdan üçüncü yerdəki kursla müqaisə ediləcək çarpaz kursun hesablanmasıdır. Burada mümkün variantlardan birini rəqəmlərlə göstərdik. Bəs arbitraj imkanı bazarlarda tez-tez olur? Bunu demək çətindir, çünki minlərlə valyuta brokeri və dileri bu kursları nəzərdən keçirir və mümkün anda arbitraj imkanından dərhal istifadə edir. Təsəvvür edin minlərlə investor Əhmədin yuxarıda atdıqları addımları atır. Onda C-dəki izafi tələb avronun qiymətini, A-daki izafı tələb dolların qiymətini və B-dəki izafi tələb manatın qiymətini artırır (eyni zamanda, artan təklif aspektindən də baxmaq olar). Bu zaman A+B çapraz kursu (EUR/AZN*) 0.8929-dan azalaraq və C-dəki EUR/AZN kursu isə artaraq aradakı arbitraj imkanını yox edəcək. Buna görə Əhməd belə bir imkanı gördüyü anda dərhal istifadə etməlidir, çünki bu imkan çox davam etməyəcək.


Son xəbərlər
Digər xəbərlər