-1 C
Baku
Saturday, December 14, 2024

Valyuta bazarındakı ödənilməyən tələbat dolları bahalaşdırır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu gün keçirilən valyuta hərracına çıxarılan 50 mln. ABŞ dollarına kommersiya bankları tərəfindən 12 dəfə çox, yəni 600 mln. dollar həcmində sifariş irəli sürülüb. 

Bank dairələrinə istinadən xəbərə görə, valyutaya tələbin getdikcə azalacağı ehtimal edilir. Buna səbəb kimi isə dolların məzənnəsinin yüksəlməsi fonunda valyuta hərracında iştirak üçün banklara daha çox manat kütləsinin tələb olunması ilə bağlıdır. Yəni, banklar getdikcə daha çox manat ödəyərək zəruri valyutaya sahib ola biləcək.

Analitik qrupu hesab edir ki, manat kütləsinin azalması öz növbəsində iqtisadi fəallığı aşağı salacaq. Bu mənfi tendensiyanın dayanması üçün isə valyuta qıtlığının aradan qaldırılması lazımdır. Valyuta qıtlığının aradan qaldırılması isə ARDNF valyuta hərracına çıxardığı məbləği artırmalıdır. Əks halda, valyuta qıtlığı “qara bazar”ın formalaşmasına gətirib çıxaracaq. Çünki, idxal əməliyyatları üçün Azərbaycanın cari vəziyyətdə həftəlik 156 mln. dollara ehtiyacı var. Belə ki, bu ilin ilk 7 ayı ərzində Azərbaycan 4 757 mln. dollar həcmində idxal həyata keçirib ki, bu da ən yaxşı halda (qeyd edək ki, sentyabrdan etibarən iqtisadi aktivliyin artdığı dövrə daxil oluruq) ilin sonuna idxalın məcmu həcminin 8,2 mlrd. dollara çatacağını göstərir. Bazara isə həftəlik 100 mln. dolları çıxarılır. Yəni, 50-60 mln. dollarlıq kəsir yaranır.

Bura həm də əhalinin lisenziyası ləğv olunan banklardan geri aldığı əmanətlərin dollara çevrilməsi amili əlavə olunduqda, tələb daha da artır. Çünki əhaliyə ödəniləcək kompensasiyanın təxminən 600 mln. manat və ya bugünkü məzənnə ilə 370 mln. dollar təşkil edir ki, bunu da həftələrə bölüb əlavə etdikdə həftəlik ödənilməyən valyuta tələbatı 70 mln. dollara yaxınlaşır.

“Report”un analitik qrupu hesab edir ki, hazırda valyuta qıtlığının aradan qaldırılmaması və yumşaq devalvasiyanın keçirilməsi məhz idxalın həcminin bir miqdar azaldılmasına nail olmaq məqsədi güdür: “Çünki, neft qiymətlərinin gələcəkdə azalması ehtimalı diqqətə alındıqda, tədiyyə balansının kəsirinin minimuma endirilməsi üçün indidən zəruri tədbirlər görülməlidir. Məhz bu səbəbdən dolların rəsmi məzənnəsini 2,00 AZN/USD-yə doğru hərəkət edəcəyini proqnozlaşdırırıq”.

Son xəbərlər
Digər xəbərlər