12 C
Baku
Monday, April 15, 2024

Valyuta ehtiyatlarımız tükənir: xaricdəki pullarımızı ölkəyə gətirmək lazımdırmı?

Əli Məsimli: “Qeyri-adi hal baş verməsə, hazırkı ehtiyatların özü də manatın nisbi sabitliyini təmin etmək üşün yetərlidir”;

Vüqar Bayramov: “Valyuta ehtiyatlarının kəskin azalmaması üçün Mərkəzi Bank məzənnə siyasətinə dəyişikliklər etməlidir”

Fazil Mustafa: “Monopoliyanın zəiflədilməsi istiqamətində addımlar atılmalıdır ki…”

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatların azalması ciddi narahatlıq doğurur. Rəsmi məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatlarının miqdarı 29.11.2010-cu il tarixli səviyyəyə düşüb ki, bu da 5 illik minimumun yenilənməsi anlamına gəlir.
Ekspertlərə görə, Mərkəzi Bank hər ay manatın kursunu sabit saxlamaq üçün 1-1,5 milyard manat civarında vəsait xərcləyir və bu da ehtiyatların sürətlə azalmasının əsas səbəbidir. Digər mühüm səbəb isə sözsüz ki, neftin dünya bazarında dəyərdən düşməsi, qiymətinin kritik həddədək ucuzlaşmasıdır. 
Azərbaycandakı durum hətta ölkə xaricində də diqqət mərkəzindədir. Bu günlərdə Amerikanın ən nüfuzlu banklarından biri “Bank of Amerika Merrill Lynch” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırmışdı. Bəs, vəziyyətdən çıxış yolu nədir? Azərbaycan xaricdəki valyuta ehtiyatlarını – neft pullarını ölkəyə gətirib ayrı-ayrı sahələrə yatırmaqla, yaxud dövriyyəyə buraxmaqla kritik vəziyyətdən çıxa bilərmi?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli “Yeni Müsavat”a bu barədə danışarkən xatırlatdı ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının müəyyən qalxıb-enmələrlə azalması prosesi ötən ilin ikinci yarısından başlayaraq müşahidə edilir: “Əvvəllər buna bir o qədər də diqqət yetirilmirdi. Amma manatın 21 fevral devalvasiyasından sonra bu prosesin sürətlənməsi ona gətirib çıxarıb ki, Mərkəzi Bankın valyuta ehiyatlarındakı kiçik bir dəyişiklik belə çox həssas məsələyə çevrilib. Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına neftin qiymətinin aşağı düşməsi, dolların möhkəmlənməsi, daha çox ticarət etdiyimiz ölkələrin milli valyutalarındakı dəyişiklərin manata təzyiqi, kapital axını, psixoloji amillər, süni ajiotajlar, xüsusən də dollar ajiotajı və sair bu kimi amillər daha çox təsir göstərir. Hazırda həmin amillər içərisində Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına, müəyyən qalxıb-enmələrlə olsa da, daha çox dünya bazarlarında dolların bahalaşması təsir edir. İndiki şəraitdə Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması və ya azalma prosesinin zəifləməsi və nisbi sabitlik mərhələsinə keçməsi xeyli dərəcədə ABŞ-ın Mərkəz Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin bu ayın ortalarında çıxarması gözlənilən qərardan asılı olacaq. Amma bir sıra amillər: neftin qiymətinin aşağı düşməkdə davam etməsi, ABŞ-da inflyasıyanın hədəflənən səviyyəsi, yoxsa deflyasiya ehtimalı, Çin iqtisadiyyatında gedən son proseslər və sair Federal Ehtiyat Sisteminin bu ayın ortalarında hansı qərarı çıxaracağını əvvəlcədən dəqiq deməyə mane olur”.
eli mesimov
Bununla belə, Ə.Məsimli hesab edir ki, əgər uçot dərəcəsi qaldırılarsa, dünya bazarlarında yenə də dolların bahalaşması baş verəcək və dollara tələbat artacaq: “Bu isə bir sıra milli valyutaların, o cümləsən Azərbaycan manatının nisbi sabitliyini qoruyub saxlamqdan ötrü əlavə valyuta intervensiyası həyata keçirməyə ehtiyac yaradacaq. Bu zaman valyuta ehtiyatlarının xərclənməsinin konkret dərəcəsi Mərkəzi Bankın və digər strukturların ölkə daxilində və dünya iqtisadiyyatında gedən proseslərin məntiqinə uyğun manevr imkanlarının reallaşma dərəcəsindən asılı olacaq”.
Xaricdəki ehtiyatlarımıza gəldikdə, deputat qeyd etdi ki, bu sahədə tərəflərin riayət etməli olduğu prosedur qaydaları var: “Ona görə də istənilən vaxtda həmin məsələ ilə bağlı addım atılarsa, elə bir ciddi problem yaranmaz”.
Perspektiv barədə danışarkən Ə.Məsimli bildirdi ki, son vaxtlar Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün öz ehtiyatlarının az qala yarısını xərcləyib: “Amma qeyri-adi bir hal baş verməsə, hazırkı ehtiyatların özü də manatın nisbi sabitliyini təmin etmək üçün yetərlidir. Bu məsələdə zaman amilinin uzunluğu çox ciddi və həlledici rol oynayır. Çünki neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu siyasətin uzun müddət davamlı olaraq tətbiq edilməsi təbii ki, mümkünsüzdü. Ona görə də görünür Azərbaycan da müəyyən hazırlıq işlərindən sonra sərbəst üzən məzənnə siyasətini tətbiq etməli olacaq”.
Musahibe_Vugar_Bayramov_logo.mpg_snapshot_08.56_2014.02.20_16.25
İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramovun fikrincə, valyuta ehtiyatlarının azalmasına əsas səbəb Azərbaycanda həyata keçirilən mövcud məzənnə siyasəti nəticəsində Mərkəzi Bankın intervensiyasının davam etməsidir: “Bizdən fərqli olaraq qonşu ölkələrdə artıq üzən məzənnə siyasəti həyata keçirilir. Region ölkələrində Mərkəzi Bank birbaşa məzənnəni müəyyənləşdirmir, sadəcə, bir sıra hallarda bazara müdaxilə edir. Azərbaycanda isə məzənnə birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Buna görə də o artıq dollara olan tələbin ödənilməsi üçün daimi olaraq bazara intervensiya edir. Məsələn, bazarda gün ərzində 1 milyon dollara tələbat var və alınır. Onun 800 mini bazar tərəfindən təmin olunursa, qalan 200 minini Mərkəzi Bank özü ödəyir. Mərkəzi Bank müdaxilə edərək 200 min dolları bazara çıxarır. Bu da onun intervensiya xərclərinin artmasına və valyuta ehtiyatlarının həcminin aşağı düşməsinə gətirib çıxarır”. V.Bayramovun sözlərinə görə, Mərkəzi Bank daimi olaraq bazara müdaxilə etməklə valyuta ehtiyatlarını istifadə edir: “Xüsusilə nəzərə alsaq ki, dekabrın 3-dək son bir ayda dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə edildi, bu eyni zamanda manatın da dollara nisbətən müqayisəli zəifləməsinə səbəb oldu. Nəticə etibarilə bu da Mərkəzi Bankın xərclərini artırdı”.
Ekspert deyir ki, xarici valyutaya tələbatın  hələ də yüksək olması xarici valyuta ehtiyatlarımızın azalmasına təsir göstərir: “Biz qonşu ölkələrə baxsaq, həmin ölkələrdə xarici valyutaya tələbin azalması həm də əhalidə vəsaitin azalması ilə bağlıdır. Azərbaycanda dollarlaşma prosesi son mərhələsinə qədəm qoysa da, onun tamamlandığını söyləmək çox tezdir. Bu baxımdan nəinki biznesin, həmçinin ev təsərrüfatlarının da xarici valyutalara tələbi yüksəlməkdə davam etməkdədir”.
 
V.Bayramov bildirdi ki, xaricdə saxlanılan ehtiyatlarımızın Azərbaycana gətirilməsi gündəmdə deyil: “Bu ehtiyatların bir qismindən daha çox Azərbaycanın beynəlxalq iqtisadi layihələrdə iştirak payının maliyyələşdirilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bununla belə, artıq 2014-cü ildən hökumət qənaət siyasətini həyata keçirməyə çalışır. Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olduğu üçün rezervlərə qənaət prioritet hədəflərdən biri kimi görünür. Bu baxımdan, xarici rezervlərin ölkəmizə gətirilməsi iqtisadi baxımdan da səmərəli olmaz. Əksinə, dövlət aşağı faizli və uzun müddətli xarici kreditlər cəlb etməyə çalışmalıdır. Başqa tərəfdən, valyuta ehtiyatlarının kəskin azalmaması üçün Mərkəzi Bank məzənnə siyasətinə dəyişikliklər etməlidir. Tənzimlənən, üzən məzənnə siyasətinə keçid labüddür. Burada məqsəd tənzimlənən, üzən valyuta rejiminin milli valyutanın məzənnəsinin kəskin azalmasına səbəb olmamasından ibarət olmalıdır. Təbii ki, Mərkəzi Bankı zamanı da doğru seçməlidir ki, məzənnə siyasəyinin dəyişməsi valyuta bazarına ciddi psixoloji təsir göstərməsin”.
fazil
Deputat Fazil Mustafa da qəzetimizə açıqlamasında bildirdi ki, bu formada uzun müddət manatın sabitliyini qorumaq mümkün deyil: “Xaricdəki ehtiyatların gətirilməsi də müvəqqəti çıxış yolu ola bilər. Vətəndaşı qəfil devalvasiyanın qurbanına çevirməmək üçün ciddi tədbirlər görülməlidir. Monopoliyanın zəiflədilməsi istiqamətində addımlar atılmalıdır ki, böhranı qismən sahibkarların təşəbbüskarlığı hesabına yumşaltmaq mümkün olsun”.
Son xəbərlər
Digər xəbərlər