Bu ilin 9 ayında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 72 valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, 12 yanvar 2017-ci il tarixindən başlayaraq valyuta hərracı mexanizminə dəyişikliklər edib. Bu dəyişikliklərə uyğun olaraq hərraca çıxarılan valyuta təklifi bazar iştirakçılarının təklif etdiyi qiymətlər əsasında reallaşdırılır.
Başqa sözlə, hərrac daha yüksək qiymət təklif edən bankdan daha aşağı qiymət təklif edən banka doğru valyutanın satılması ilə yekunlaşır. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir. Eyni zamanda, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit (+4%) 12 yanvar 2017-ci il tarixindən aradan götürülüb.
Dövr ərzində ARDNF-in xarici valyuta satışları 2486 mln. ABŞ dolları təşkil edib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 37.3% azdır. Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 811.7 mln. ABŞ dolları olub.