16 C
Baku
Thursday, April 18, 2024

Valyuta intervensiyası nədir?

Valyuta intervensiyası – ölkənin Mərkəzi bankının iri həcmdə əcnəbi valyutanın alınması və yaxud satılması yolu ilə ölkənin valyuta bazarına və valyuta məzənnəsinə məqsədli şəkildə təsir etməsidir. Valyuta intervensiyası əcnəbi valyuta məzənnələrinin dövlətin maraq çərçivəsi daxilində tənzimləmək üçün həyata keçirilir.

Valyuta intervensiyası iştirakçı ölkələrin valyuta məzənnəsinin tənzimlənməsi üçün qarşılıqlı münasibətlərinin olmasını tələb edir. Bu zaman intervensiya dövlətlərin – regional zona iştirakçılarının fəal iştirakı nəticəsində baş tutur.

Bununla yanaşı, burada iştirakçı ölkələrin Mərkəzi bankları və yaxud xəzinədarlıq nümayəndələri iştirak edir. Valyuta intervensiyası forma və struktur baxımından  qısa dövr ərzində həyata keçirilən geniş miqyaslı pul əməliyyatıdır.

Valyuta intervensiyasının hansı növləri var?

Mərkəzi banklar tərəfindən həyata keçirilən valyuta intervensiyası pul siyasəti və faiz dərəcələri ilə yanaşı, valyutanın dəyərinə də təsir edir. Qeyd etmək lazımdır ki, valyuta intervensiyaları valyuta məzənnələrinə çox böyük təsir edir. Məsələn, 1985-ci ilin Plaza sazişi ABŞ dollarının 50%-dən çox devalvasiya ilə üzləşməsinə səbəb olmuşdu.

Valyuta intervensiyası özündə nəyi əks etdirir deyə sual ilə çıxış etsək, görərik ki, Mərkəzi banklar bilərəkdən açıq bazarda onların dəyərinə təsir etmək üçün valyutanı alıb-satır. Bəzi hallarda, qeyd edilənlərə görə, əgər Mərkəzi bank valyuta intervensiyası həyata keçirirsə, demək o özünün ən sonuncu şansından istifadə edir. Bəzən isə valyuta intervensiyası bazardakı vəziyyəti sabitləşdirmək üçün edilir.

Valyuta intervensiyasını həyata keçirməmişdən öncə bir çox dövlətlər daha yüngül üsula əl ata bilərlər. Verbal intervensiya deyilən bir anlayış mövcuddur. Bu halda valyuta alıb və yaxud satmağa heç bir məcburiyyət yoxdur.

Hazırda verbal intervensiyaya aid nümunə çoxdur. Məsələn, ABŞ dolları ilə yapon yeni arasında məşhur ralli başlamamışdan öncə Yaponiyanın bir çox rəsmi şəxsləri bazar nümayəndələrinə yenin qiymətinin yüksək olması ilə bağlı belə desək “söz atmışdılar”. Bununla paralel olaraq, Yaponiya bankının bir çox yüngülləşdirmə prosesləri həyata keçirməyə hazır olduğu səsləndirilmişdi.

Valyuta intervensiyasının müxtəlif növləri sırasında birtərəfli intervensiya da fərqlənir. Birtərəfli intervensiya Mərkəzi bankların bir-birindən asılı olmadan, müstəqil şəkildə keçirilir. İntervensiyanın bu növü ən qeyri-effktiv üsul hesab edilir.

Bundan əlavə, birgə intervensiya da mövcuddur ki, bu artıq bazarlar üçün ciddi siqnaldır. Çünki artıq vəziyyəti iki Mərkəzi bank düzəldəcək. Bu da effektiv üsul hesab edilir.

Çoxtərəfli valyuta intervensiyasına gəldikdə isə,  bu Mərkəzi bankların əlində olan ən effektiv alətdir. Əgər onlar belə bir intervensiyanın həyata keçirilməsi ilə bağlı razılığa gəlsələr, bazarlar bu addımı hörmətlə qarşılayacaqlar. Qeyd edək ki, bu addım uzun müddətli trendlərin dəyişməsinə gətirib çıxara bilər.

Son xəbərlər
Digər xəbərlər