15 C
Baku
Monday, May 6, 2024

Valyuta məzənnələri nə üçün dəyişir?

Əgər valyuta məzənnələri sabit qalsaydı, biz hər gün dollar, avro və ya funt sterlinqin cari məzənnəsi ilə maraqlanmazdıq. Biz həmişə bir Britaniya funtunun nə qədər ABŞ dollarına bərabər olduğunu bilərdik. Nə vaxtsa bu, elə belə idi. Hər şey 20-ci əsrin 70-ci illərinin əvvəllərində aparıcı dünya dövlətlərinin üzən milli valyuta məzənnəsinə keçməsi ilə dəyişdi. Bundan sonra hər milli valyutanın məzənnəsi bazar tərəfindən təyin olunmağa başlandı.

“Bazar tərəfindən təyin olunurdu” nə deməkdir ? Daha doğrusu valyuta məzənnəsi bazarın əsas qanunu olan tələb və təklif qanunu əsasında müəyyən olunur. Hansı valyutaya tələb artırsa, onun məzənnəsi qalxır. Valyutaya tələb aşağı düşürsə, o ucuzlaşır. Hər şey məhsul bazarında olduğu kimidir. Fərz edək ki, istehsalçı bir milyon yeni model noutbuk buraxdı və bu noutbuku almaq istəyənlərin sayı üç milyondur. Tələb təklifi üstələyir! Bu zaman istehsalçı bu modelin qiymətini o həddə qədər qaldırır ki, noutbuku almaq istəyənlərin sayı bir milyona düşür. Bununla da, o məhsul satışından maksimal mənfəət əldə etmiş olacaq. Bazar qanunu işlədi: yüksək tələb qiymətləri artırdı.

Əks situasiyanı da nəzərdən keçirək. İstehsalçı bir milyon noutbuk istehsal etsə də, onu almaq istəyənlərin sayı iki mindir. Istehsalçı çətin vəziyyətə düşür. Artıq qalanları məhv etmək lazımdı? Yoxsa uşaq evləri və məktəblərə vermək olar? Bəlkə, heç olmasa müəyyən mənfəət qazanmaq olar? İstehsalçı bütün məhsulları satana qədər qiymətləri aşağı salmağa başlayır. Hər şey məntiqə uyğundur: aşağı tələb qiymətləri aşağı salır.

Valyuta da bir məhsuldur. Bu məhsula olan tələb həm arta, həm də azala bilər. Bu da qiymət enib-qalxmalarına səbəb olur.

Bəs bu və ya digər valyutaya olan yüksək tələb nə ilə izah oluna bilər? Bunun bir neçə səbəbi var. Məsələn:

  • X ölkəsinin iqtisadiyyatı dinamik olaraq inkişaf edir, yüksək artım tempinə malikdir. O, investorlar üçün maraqlıdır – investorlar ona kapital yatırmaq və mənfəət əldə etmək istəyirlər. X ölkəsinin iqtisadiyyatına pul yatırmaq üçün bu ölkədə mehmanxana və ya restoran açmaq mütləq deyil. Onun müəssisəsinin səhmlərini almaq, daha sonra bundan divident götürmək və bahalaşdığı an satmaq imkanı var. Lakin X ölkəsinin müəssisəsinin səhmlərini almaq üçün X ölkəsinin valyutasına sahib olmalısan. Bununla da potensial investor əlində olan Y ölkəsinin valyutasını X ölkəsinin valyutası ilə dəyişdirir və onu maraqlandıran səhmləri satın alır. Axı belə ağıllı investorlar bir və ya iki nəfər deyil! Əgər X ölkəsində işlər həqiqətən yaxşı gedirsə, onda investisiya etmək istəyənlərin sayı çox olacaq! Nəticədə X ölkəsinin valyutasına tələb artacaq və onun qiyməti qalxacaq. Yeri gəlmişkən, məhz buna görə valyuta treyderləri müxtəlif ölkələrin iqtisadi vəziyyətlərini dəqiqliklə izləyir. Bu, valyuta məzənnələrinin artım və enməsini proqnoz etməyə imkan verir.
  • Sərbəst vəsaitlər olduqda əksəriyyətimiz illik 10% gəlir gətirməsi üçün onları depozit olaraq banka qoyardıq. Əlbəttə, hər bankın depozit faizləri fərqlidir, lakin ümumilikdə hər bir konkret ölkədə müəyyən bir tendensiya müşahidə olunur. Bu, heç də təəccüblü deyil. Çünki hesablaşmalar üçün baza rolunu hər bir ölkənin mərkəzi bankı tərəfindən müəyyən olunan “banklararası kredit faiz dərəcələri” oynayır. Mən pullarımı Azərbaycanda depozit olaraq qoya bilərəm. Başqa bir çıxış yolu da var: ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiyada bankların depozit faizlərini nəzərdən keçirə və daha çox faiz təklif edən ölkəyə yatıra bilərəm. Dünyanın ən iri əmanətçiləri də məhz belə edirlər. Məsələn, vəsaitlərimi Avstraliya bankına qoymaq üçün ilk öncə mən manata Avstraliya valyutası olan AUD-u (Avstraliya dolları) almalıyam. Əgər dünyanın bütün əmanətçiləri öz vəsaitlərini Avstraliya bankına yerləşdirsə, onda AUD-un məzənnəsi qalxacaq. Ümumilikdə, iki ölkənin faiz dərəcələri arasındakı fərq bir ölkənin valyutasının digərinə nəzərən bahalaşmasının əsas amillərindən biridir. Maliyyə axınları faiz dərəcələri yüksək olan ölkəyə yönəlir. Uyğun olaraq, valyuta məzənnələri də reaksiya verir. Heç nə mərkəzi bankların faiz dərəcələri qədər valyuta treyderlərinin marağına səbəb ola bilməz!
  • Düzdü, böhran vaxtı hər şey alt-üst olur. Bazarı qorxu və təşviş bürüyür. İnvestorlar öz kapitallarını artırmaq deyil, saxlamaq haqqında fikirləşir. Belə hallarda “sığınacaq valyutalar”, yəni daha etibarlı ölkələrin valyutaları diqqəti çəkməyə başlayır. Belə valyutalara ənənəvi olaraq, ABŞ dolları və yapon iyeni daxildir. Bu ölkədə yüksək faizlər təqdim olunmasa da, defoltun baş verməyəcəyindən əmin ola bilərsiniz. Sizin pullarınız adi kağıza çevrilməyəcək.

Bunlar sadəcə olaraq, valyuta məzənnələrinə təsir göstərən bir neçə vacib amildir. Mütəxəssislər analitik şərhlərdə cari dövr üçün məhz hansı amilin daha ön planda olduğunu qeyd edirlər. Bazar analizini oxuyarkən tədricən müxtəlif bazar tendensiyalarını təhlil etməyi öyrənirsiniz. Əbəs yerə demirlər: Könlü balıq istəyənin quyruğu suda gərək. Treyder olmaq istəyirsənsə, ticarət etməlisən. Forex bazarında real təcrübəni heç bir nəzəri bilik əvəz edə bilməz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər