26 C
Baku
Saturday, July 27, 2024

Valyuta müharibələri növbəti mərhələyə keçir?

Aşağıdakı cədvəldə 2024-cü ilin əvvəlindən indiyə qədər (19.04.2024, yəni cəmi 3 ay 19 gün ərzində) 23 inkişaf etməkdə olan ölkənin valyutalarının ABŞ dolları qarşısındakı kurs dəyişiklikləri əks olunub.

FB IMG 1713688218226Bu ölkələr arasında Perunun pul vahidi olan Sol dollar qarşısında 0.1% dəyər qazanmış yeganə valyuta olmuşdur. Qalan 22 valyuta dollar qarşısında dəyər itirmişdir. Dəyişikliklər faizlə ifadə olunmuşdur.

Səbəblər müxtəlifdir:

1) geosiyasi risklərin artdığı bir dövrdə dollar “güvənli liman” statusu daşıyan əsas valyutalardan birincisidir;

2) dolların (FED) uçot faiz dərəcəsinin bu il ərzində də yüksək qalacağı, kəskin düşüşün olmayacağı proqnozlaşdırılır;

3) ən əsas məqam: ABŞ iqtisadiyyatı hazırda ən güclü iqtisadiyyat olaraq qalmaqla yanaşı, güclənməkdə olan və aybaay daha yaxşı nəticələr göstərməkdə olan iqtisadiyyatdır və sair…

Səbəblərdən daha çox bu mənzərənin bir çox ölkələr üçün nəticələri düşündürücüdür. Zəif valyuta nəticəsində dünyada qiymətlər artmasa da həmin ölkələrdə idxal inflyasiyasının güclənməsi, xarici borclara xidmət nəticəsində büdcə kəsirlərinin artması və ya daxili büdcə xərcləmələrində məcburi qənaətlər və sair bir çox amillər ciddi risklər formalaşdırır.

Lakin, bu mənzərənin bu siyahıda olmayan və daha sabit yerli valyutalara sahib olan ölkələr üçün də ciddi riskləri vardır. Siyahıdakı ölkələrin ucuzlaşmaqda olan valyutaları mənsub olduqları ölkələrin ixracını gücləndirir. Bu isə valyutaları nisbətən stabil olan ölkələlərə ixrac təzyiqinin artması nəticəsində həmin ölkələrin istehsalını zəiflədərək idxal dominantlığı formalaşdıra bilir. Bu isə dollar qarşısında sabit və ya dəyər qazanan kurslara malik ölkələrdə yerli istehsalın zəifləməsi, məşğulluğun, büdcə daxilolmalarının, dövriyyənin azalması, növbəti mərhələlərdə isə idxaldan asılılığın güclənməsi fonunda tədiyə və ticarət balanslarında kəsirlərin yaranması və ya mövcud kəsirlərin artması deməkdir.

Bu cədvəlin geniş və dərin təhlilini bir-iki yazı ilə əks etdirmək fiziki olaraq mümkün olmaz. Lakin, apardığım təhlillərin yekun nəticəsini qeyd etmək istərdim. Valyuta müharibələri 2-ci mərhələyə keçmək üzrədir. Əgər valyuta müharibələrinin 1-ci mərhələsində biz rəqabətin daha çox əsas sərbəst dönərli valyutalar (USD, EUR, GBP, JPY, CFR) arasında və yaxud sərbəst dönərli valyutalar və inkişaf etməkdə olan ölkələrin valyutaları arasında olduğunu görürdüksə (əlbəttə əsas valyutalar arasında da rəqabətlər davam edəcək.

Xüsusilə, EUR/USD, USD/JPY cütlüyündəki mövcud vəziyyət və tendensiyalar müvafiq olaraq Avropa Birliyi və Yaponiyanı ciddi narahat etməkdədir), növbəti 2-ci mərhələdə bu kəskin rəqabəti və valyuta müharibələrini həm də inkişaf etməkdə olan ölkələrin valyutaları arasında görəcəyik. Bu isə daha təhlükəlidir…

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər