26 C
Baku
Wednesday, April 24, 2024

Valyuta tənzimi, Kredit ittifaqları, Banklar, Poçt, Mühasibat uçotu, Sığorta fəaliyyəti, Bank olmayan kredit təşkilatları, İnvestisiya fondları, Qiymətli kağızlar bazarı və Kredit büroları haqında qanunu təsdiqləndi

Maddə 1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddə üzrə:

1.1.1. 5-ci hissədən “uçotun,” sözü çıxarılsın və həmin hissəyə “hesabatın” sözündən sonra “(maliyyə hesabatları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.1.2. 9-cu hissə ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

“Maddə 3-1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin mühasibat uçotu

3-1.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

3-1.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər.”;

1.3. 16-cı maddənin 2-ci hissəsinin “v” bəndindən “uçotun,” sözü çıxarılsın və həmin bəndə “hesabatın” sözündən sonra “(maliyyə hesabatları istisna olmaqla)” sözləri əlavə edilsin.

Maddə 2. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“2. Kredit ittifaqları maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidirlər. Kredit ittifaqlarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

3. Kredit ittifaqı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, mətbu orqanda və özünün rəsmi internet səhifəsində (olduğu halda) dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.”;

2.2. aşağıdakı məzmunda 4-cü və 5-ci hissələr əlavə edilsin:

“4. Kredit ittifaqı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.

5. Kredit ittifaqlarının mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.”.

Maddə 3. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 36.3-cü maddədən “, sonuncu hesabat ili üçün maliyyə hesabatlarını və auditor rəyini” sözləri çıxarılsın;

3.2. 43-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 43. Mühasibat uçotu və maliyyə hesabatları

43.1. Bank və xarici bankın yerli filialı maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edir. Banklarda və xarici bankın yerli filiallarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.

43.2. Bankların mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.”;

3.3. 45-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 45. Maliyyə hesabatlarının təqdim olunması və dərc edilməsi

45.1. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.

45.2. Xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci səkkiz ay müddətində isə xarici bankın kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.

45.3. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarını bu Qanunun 45.1-ci və 45.2-ci maddələri ilə müəyyən edilən müddətlərdə Mərkəzi Banka təqdim etməli, habelə özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir.

45.4. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.”.

Maddə 4. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:

“Maddə 25-1. Mühasibat uçotu və maliyyə hesabatları

25-1.1. Poçt rabitəsinin operatoru, o cümlədən milli operator tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

25-1.2. Milli operator illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.”.

Maddə 5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1.9-cu maddədə “sığorta şirkətləri” sözləri “sığortaçılar, təkrarsığortaçılar” sözləri ilə əvəz edilsin;

5.2. 4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.4. Kredit təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.”;

5.3. 5.3-cü maddədə “sığorta şirkətləri” sözləri “sığortaçılar, təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri isə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

5.4. 12.1-ci maddə üzrə:

5.4.1. ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir.”;

5.4.2. üçüncü cümlədə “Kommersiya” sözü “Digər kommersiya” sözləri ilə əvəz edilsin;

5.5. 12.2-ci maddədə “maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydada” sözləri “maddəsinə müvafiq olaraq müəyyən olunmuş müddətlərdə” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 78.3-cü maddədə “bu Qanunun 78.8-ci maddəsində nəzərdə tutulmuş hesabatların dərc olunduğu qəzetlərin nüsxələri ilə birlikdə maliyyə ili” sözləri “təqvim ili” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə əvəz edilsin;

6.2. 78.4-cü maddənin mətni ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Sığortaçı mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.”;

6.3. 78.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“78.8. Sığortaçı maliyyə ilinin bitməsindən ən geci üç ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.”;

6.4. aşağıdakı məzmunda 78.8-1-ci maddə əlavə edilsin:

“78.8-1. Sığortaçı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.”;

6.5. 78.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“78.9. Sığortaçının mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.”.

Maddə 7. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-20.4-cü maddələri aşağıdakı redaksiyada verilsin:

“20.1. BOKT illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. BOKT-nin mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

20.2. BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.

20.3. BOKT illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.

20.4. BOKT-nin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.”.

Maddə 8. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 30.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“30.2. İnvestisiya fondları və onların idarəçiləri mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirirlər;”;

8.2. 48.1.5-ci maddəyə “hesabatlarına” sözündən sonra “(maliyyə hesabatları istisna olmaqla)” sözləri əlavə edilsin;

8.3. 48.1.13-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“48.1.13-1. investisiya fondlarının və onların idarəçilərinin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzarət edilir.”;

8.4. aşağıdakı məzmunda 48.4-cü və 48.5-ci maddələr əlavə edilsin:

“48.4. İnvestisiya fondları və onların idarəçiləri maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.

48.5. İnvestisiya fondları və onların idarəçiləri illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.”.

Maddə 9. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda  aşağıdakı dəyişikliklər edilsin:

9.1. 61.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“61.12. Lisenziyalaşdırılan şəxslər mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir. Lisenziyalaşdırılan şəxslər maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Lisenziyalaşdırılan şəxslər illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidirlər.”;

9.2. 83.0.10-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“83.0.10-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzarət etmək;”.

Maddə 10. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 7.1.3-cü maddədən “o cümlədən” sözləri çıxarılsın;

10.2. 7.2-ci maddəyə “hesabatı” sözündən sonra “(maliyyə hesabatları istisna olmaqla)” sözləri əlavə edilsin;

10.3. aşağıdakı məzmunda 7.4-cü maddə əlavə edilsin:

“7.4. Kredit bürosu tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Kredit bürosu illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2021-ci il

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər