Çində xarici ölkəyə kapital çıxarılması artmaqdadır. Son iqtisadi vəziyyətlər Çində varlı şəxslərin öz sərvətlərini fenomenal həcmlərdə ölkədən çıxarmağa vadar edib və bu pulların əsas təyinat nöqtəsi ABŞ-dır.
FT Confidental-ın araşdırmasına əsasən, iqtisadiyyatın yavaşlaması, fond bazarlarının enməsi və gələcəkdə yuanın devalvasiyaya uğraması barədə gözləntilər fonunda varlı çinlilərin öz sərvətlərini Çindən çıxararaq ABŞ-a köçürməsi müşahidə edilir.
Aparılan sorğunun nəticələrinə əsasən, varlı çinlilərin 61%-i yaxın zamanda xarici ölkələrə edilən yatırımlarını artırmağı planlaşdırırlar.
Sorğuda iştirak edənlərin yarıdan çoxu bu məqsədlər üçün ofşor zonalardan istifadə etməyi düşünür və onların investisiyalarının əksəriyyəti ABŞ olaraq qərara alınıb.
WealthInsight fondunun verdiyi məlumata görə, varlı çinlilərə məxsus əcnəbi aktivlərin həcmi artıq 658 milyard dollara çatmışdır və gələcək illərdə bu göstərici sürətlə artacaq.