ABŞ-nin Vaşinqton ştatında illik gəliri 1 milyon dollardan yuxarı olan şəxslər üçün yeni vergi — “milyonçular vergisi” tətbiq olunub. Bu barədə “The Wall Street Journal” yazır. Müvafiq qanun layihəsini 30 mart tarixində ştatın qubernatoru, Demokratlar Partiyasının üzvü Bob Ferqyuson imzalayıb.
İllik 1 milyon dollardan artıq şəxsi gəlirlərə tətbiq olunacaq 9,9%-lik gəlir vergisi təxminən 21 min ev təsərrüfatını əhatə edə bilər. Vergi 1 yanvar 2028-ci ildən qüvvəyə minəcək. Gəlir həddi hər iki ildən bir inflyasiya nəzərə alınmaqla yenidən tənzimlənəcək.
Yeni verginin tərəfdarları bildirirlər ki, onun tətbiqi aztəminatlı ailələrə dəstəyin genişləndirilməsi və kiçik biznesin təşviqi üçün zəruridir. Lakin əleyhdarlar hesab edirlər ki, bu addım varlı sakinlərin ştatdan köç etməsinə səbəb ola bilər və referenduma çıxarılmasını tələb edirlər.






