15 C
Baku
Saturday, April 20, 2024

Vaxtın idarə edilməsi sirri: necə çatdırmaq olar?

İstənilən bir iş sahəsində vaxt əksər hallarda həll edici faktor rolunu oynayır:   uğur bir-başa olaraq bizim nəyisə vaxtında etməyi çatdırıb –çatdırmamğımızdan asılı ola bilər. Uğur qazanmaq və işi zamanında görmək arasında əlaqə olduqca böyükdür. Bu barədə deyilən ən məşhur ifadə isə “vaxt-qızıldır” kəlməsidir. Azərbaycan dilində isə “bu günün işini sabaha qoyma”, “əldən qalan əlli il qalar” və bu ikisi ilə təzad təşkil edən gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır atalar sözlərinin mahiyyətini “time management”-ə aid etmək olar. 

Bəs uğurun ani təşkiledici elementi olan vaxtı idarə etmək mümkündürmü? Elə etmək olar ki, hər bir şeyi çatdırasan, həm də eyni zamanda gündəlik iş və qayğıların xaosunda itib-batmayasan? Vaxtdan məntiqi şəkildə istifadə etməyi öyrənmək üçün sizə bir neçə məsləhət təklif edirik.

Tövsiyə 1. Öz işlərinizi planlaşdırın.

İşlərinizin gündəlik (həftəlik, aylıq yaxın müddət üçün) planını  qurmağı öyrənin. Plan qurmaq üçün ən vacib olanı vaxtı ölçməyi bacarmaqdır. Siz konkret tapşırığın həllinə dəqiq nə qədər vaxt sərf edəcəyinizi əvvəlcədən bilməlisiniz. İlk öncə nə etməli olduğunuzun siyahısını tərtib edin. Sonra isə siyahıdakı hər bir punktun qarşısında, sizin fikrinizcə, onun icrasına qədər vaxt gedəcəyini yazın. Konkret bir işin icrası üçün sizə nə qədər vaxt tələb olunur, bəs yazdığınız bütün işləri etməyə? Realist davranın. Öz planınıza etməli olduğunuz iş müddətinin 60%-dən çoxunu daxil etməyin. Qalan 40%-i ortaya qəfil çıxan və təcili məsələlərin həllinə saxlayın. Gündəlik plana həddindən çox iş salmayın, siz sadəcə fiziki baxımdan onların öhdəsindən gəlməyə bilərsiniz. Süni şəkildə özünüzü stressə sürükləməyin isə heç kəsə faydası yoxdur.

İkinci vacib məqam -əmək məhsuldarlığıdır. O elə bizim diqqətliliyimiz kimi gün ərzində dəyişir. Vacib və əməktutumlu işlər üçün sizin xüsusən aktiv olduğunuz saatları seçmək lazımdır. Çox vacibdir ki, siz özünüz üçün də, öz şəxsi həyatınız üçün də vaxt ayırasınız: bu sizə fikirlərinizi toplamağa, situasiyanın təhlil etməyə  və ya sadəcə problemlərdən uzaqlaşaraq dincəlməyə kömək edəcək. Çox tez-tez olur ki, ən çətin sualların cavabı və axtardığınız çıxış yolu məhz belə bir anda sizin ağlınıza gəlir. Sanki insanın ikinci nəfəsi açılır “çarəsiz məsələlər öz çarəsini tapır”. Xəyalı olaraq həftənin günlərini dolaşın, cədvəlinizə nəzər salın, sizə elə gəlir ki, bəzi günləriniz iş baxımından daha çox yüklənib digərləri isə nisbətən daha yüngüldür, həmin günlərdə boş vaxt daha çoxdur? Çalışın ki, gündəlik iş yükləriniz arasında mümkün qədər tarazlığa nail ola biləsiniz.

time%20manegment

Tövsiyə 2. «Vaxt soruculardan» uzaq olun.

«Vaxt sorucular» nə deməkdir? Bu o işlərdir ki, gözlənilmədən, qəfil meydana çıxır, onları etmək heç də vacib, zəruri deyil, lakin bİz onlara aludə olur və olduqca çox vaxt itirə bilərik. Belə işlərə televizora baxmağı və ya sosial şəbələlərdən “asılmağı”, mənasız yerə saatlarla telefonda danışmaqları və ya iş yerində çay içərkən apardığınız söhbətləri, məqsədsiz yerə dükanlarla gəzməyi (sadəcə baxmaq üçün) və bu kimi çox sayda digər şeyləri misal göstərmək olar. Yox heç kəs sizə demir ki, cansıxıcı və qaradinməz olun, amma işlərinizi çatdırmaq istəyirsinizsə, özünüzə “dağılmağa icazə verməyin”, həmişə ayıq-sayıq və fikirlərinizi cəmləmiş olun. Ən nəhayət, ya vaxt sorucuları üçün vaxtınızı ayıracaq, ya da onlardan tamamı ilə imtina edəcəksiniz. Yeri gəlmişkən, hər gün işləri çatdırmıram deyib  uzatdığınız söhbətlərə də nə qədər vaxt ayırdığınıza diqqət yetirin.

Tövsiyə 3. Bütün işləri öz vaxtında edin

Hətta sizə həvalə olunmuş iş üçün çox vaxt ayrılmış olsa belə, bu işi elə bü gündən etibarən başlayın, bununla da sabah olan işlərinizi yüngülləşdirmiş olacaqsınız. Əgər sizin artıq səlis və sabit iş cədvəliniz varsa, onda ən xoşaglməz işi seçin və onu birinci görməyə çalışın.  Belə yanaşma obrazlı şəkildə “qurbağanı udmaq” adlanır. Xoşagəlməz işi birinci qətiyyətə və vicdanla başa vurun, onda siz inanılmaz dərəcə də xoş bir sərbəstlik hiss edəcəksiniz, sanki çiyinlərinizdən böyük bir yük atmısınız. Sonra gün ərzində edəcəyiniz işlər sizə daha yüngül və xoş gələcək. Əgər siz hər gün məhz bu qaydada davam etsəniz və eyni hərəkəti təkrarlasanız, onda zaman ötdükcə daha iradəli və qətiyyətli olduğunuzu görəcəksiniz.  Bu, heç də təəccüblü deyil, çünki iradəlilik və məsuliyyətlilik insanda məhz bu cür məşq etdirilir.

Tövsiyə4. Böyük işləri hissə-hissə edin.

Əgər qabağınızda böyük bir iş dayanıbsa, nədən başlayıb-nədən qurtaracağınızı bilmirsinizsə, hövsələli davranın, təmkinliyi itirmək lazım deyil. Oturub sakitcə götür qoy edin, fikirlərinizi toplayaraq , bu böyük işi bir neçə xırda, mərhələli tapşırıqlara parçalayın. Bu təşkiledici tapşırıqların bir-biri ilə qarşılıqlı əlaqəsinə diqqət yetirin, onlardan hansını birinci görmək olar? Əgər hər gün bir neçə punktu yerinə yetirə bilsəniz, tədricən finala gəlib çıxacaqsınız.

Tövsiyə 5. Maksimalizm və perfeksionizmdən imtina edin.

Siz mükəmməlliyə can ata bilərsiniz, amma hələ ki, ona nail ola bilmədiyinizə görə hər gün saç yolmağa gərək yoxdur! Bu məqamda daha bir gözəl ifadə yerinə düşür, “sən etməli olduğunu et, sonrası qoy necə olacaqsa, elə də olsun!”. Bu o deməkdir ki, siz vicdamla sizdən asılı olan nədirsə onu etməlisiniz, əlbəttə sizin səylərinizin nəticəsi özünü  çox gözlətməyəcək. Hərəkət etməkdə davam edin, qoy uğurlar başınızı gicəlləndirməsin, nə də uğursuzluqdan xəyal qırıqlığına düşməyin. Həm uğurlar, həm də uğursuzluqlar sizin təcrübə xəzinənizi daha da zənginləşdirir.

Tövsiyə 6. Yaxşı işə görə özünüzü “mükafatlandırın”

Əgər siz yaxşı çalışmış, planlaşdırdığınız bütün işləri görmüş və tapşırıqları yerinə yetirmisinizsə, onda özünüzə hədiyyə edin. Təkcə işlərinizi deyil, həm də asudə vaxtınızı planlaşdırın: kino və ya teatra gedin, ailəniz ilə birlikdə piknik edin, özünüzə və sevdiyiniz insanlara vaxt ayırın. Bütün bu sadalanan amilləri da aylıq plana daxil etmək olar. Özünüzü tükənmə həddinə qədər işlə yormayın, bu qədər çox işin altına girməyin, siz yaxşıca istirahət etməyi də öyrənməlisiniz.

Tövsiyə 7. Öz həyatınıza yeni səmərəli vərdişlər daxil edin

Məsələn siz çoxdandır maşın sürməyi öyrənmək və ya fitnes ilə məşğul olmaq istəyirsiniz, amma bunun üçün vaxtınız qalmayıb. Oturub fikirləşin, bu vaxtı necə tapmaq olar? Arzuladığınız bu işə heç olmasa azacıq vaxt ayırın və müntəzəm olaraq onunla məşğul olun.  Bu işi müəyyən, dəqiq vaxtlara təyin edin və heç bir bəhanəsiz onunla məşğul olun. Bir aydan sonra hiss edəcəksiniz ki, bu məşğuliyyət artıq bir vərdişə çevrilib və siz öz həyatınızı artıq onsuz təsəvvür etmirsiniz. Onu etməyə ayıracağınız vaxtı isə heç bir çətinlik çəkmədən tapa bilirsiniz. Bunun sirri çox sadədir: siz daha rasional və cəld hərəkət etməyə başlamıısnız.

Sizə elə gələ bilər ki, bu məsləhətlər çox sadədir və artıq çoxdandır ki bəllidir, amma onları bilmək kifayət deyil, həyat və işlərinizdə uğur qazanmaq üçün onları aktiv şəkildə tətbiq etməyi bacarmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər