İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 “Şehiriçi yollar – Bisiklet yolları” standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları” dövlət standartı qəbul edilib.
Dövlət Xidmətindən Banker.az-a verilən məlumata görə, dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur – velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.
Dövlət standartı “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.