Venesuela karbohidrogen hasilatının həcminə görə Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı ilə eyni səviyyədə olmalıdır və 2026-cı ildə neft sənayesinə yatırımları 1,4 milyard dollara çatdırmağı planlaşdırır. Bu barədə respublika prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges “Venezolana de Televisión” telekanalının efirində bildirib.
“Venesuela planetdə ən böyük neft ehtiyatlarına malik ölkədən karbohidrogen istehsalçısı nəhəngə çevrilməlidir. Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı ilə yanaşı bir nəhəng olmalıdır”, — deyə Rodriges vurğulayıb. Onun sözlərinə görə, 10 ildən artıqdır qüvvədə olan sanksiyalara baxmayaraq, 2025-ci ildə Bolivar Respublikasında gündəlik neft hasilatı 1,2 milyon barelə çatıb.
Eyni zamanda karbohidrogenlər naziri vəzifəsini icra edən prezidentin səlahiyyətli nümayəndəsi bildirib ki, neft sənayesinə investisiyalar 2025-ci ildə 900 milyon dollar təşkil edib və 2026-cı ildə 1,4 milyard dollar səviyyəsində proqnozlaşdırılır.







