Venesuela Mərkəzi Bankından xarici ölkələrə satmaq üçün gizli şəkildə 8 ton qızılın çıxarıldığı və naməlum istiqamətə aparıldığı iddia edilib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, bu iddianı müxalifətdəki millət vəkili Anxel Alvarado ortaya atıb.
O bildirib ki, hadisə 20-22 fevral tarixlərində baş versə də, ictimaiyyətdən gizli saxlanılıb. Alvarado sözlərinə əlavə edib ki, qızıllar çıxarılarkən bankın sədri Kalito Orteqa xaricdə səfərdə olub.
İddialara hələlik Mərkəzi Bankdan cavab verilməyib.