Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Hil Pinto bildirib ki, ölkə hakimiyyəti Peru ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Onun sözlərinə görə, bu, Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçeanın seçkilərin rəsmi nəticələrini tanımayan bəyanatları fonunda baş verib. Həmçinin iyulun 29-da Venesuela Latın Amerikası ölkələrindən, o cümlədən Perudan seçkinin nəticələrini tanımayan diplomatlarını geri çağırdığını elan edib.
“Venesuela Bolivar Respublikası 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – deyə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl Peru, Uruqvay, Argentina, Kosta-Rika, Ekvador, Qvatemala, Panama, Paraqvay və Dominikan Respublikasının hakimiyyət orqanları birgə bəyanatda prezident seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb ediblər.
İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Milli Seçki Şurasının protokolların 80%-i işləndikdən sonra dərc edilən bülletenə əsasən, Maduronu 5 milyon 150 min 92 seçici (səs verənlərin 51.2 faizi) dəstəkləyib. Onun əsas rəqibi, ifrat sağçı partiyaların namizədi Edmundo Qonzales üçün 4 445 978 nəfər (44.2%) səs verib.