Venesuelada həyata keçirilən hərbi əməliyyat, eləcə də Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı müzakirələr Avropa ərazisindəki müdafiə şirkətlərinə “yeni impuls” verib. Bu barədə “Bloomberg” yazır.
Agentlik qeyd olunan sahədə fəaliyyət göstərən Avropa şirkətlərini əhatə edən “Bloomberg” indeksinin göstəricilərinə istinad edir. İndeks ilin əvvəlindən etibarən 10% artıb və ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ölkədən çıxarıldıqdan sonra artım sürətlənib.
Nəşrin yazdığına görə, investorlar geosiyasi xəbərləri diqqətlə izləyirlər, çünki ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın əldə edilməsi üçün hərbi gücdən istifadə imkanını istisna etməyib.
Yanvarın 7-də ABŞ dövlət katibi Marko Rubio Qrenlandiyada ABŞ-nin hərbi əməliyyat keçirməsi ehtimalını istisna edib. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib. Onun sözlərinə görə, NATO-ya üzv olan bir ölkənin digərinə hücum etməsi mənasız olardı və Vaşinqtonun maraqlarına ziddir.
Yanvarın 5-də Tramp bildirib ki, Vaşinqton Qrenlandiya ilə “milli təhlükəsizlik baxımından” maraqlanır. O izah edib ki, ada ətrafındakı sular “Rusiya və Çin gəmiləri ilə doludur” və əlavə edib ki, Avropa İttifaqı adanın ABŞ-nin nəzarətində olmasında maraqlıdır.






