Venesuelada yaşanan böhran dünya neft bazarına təsir etməyəcək və hələki heç bir tədbir görmək lazım deyil.
Banker.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Enerji naziri olan Xalid Əl-Falih, RİA Novosti-yə verdiyi müsahibədə bildirib.
O, həmçinin, Venesuelanın vəziyyətini OPEK-dən olan həmkarları ilə müzakirə etmədiyini söyləyib. “Xeyr, müzakirə etməmişik”,- nazir deyib.
Venesueladakı vəziyyətin dünya neft bazarına təsiri haqda soruşduqda Əl-Falih cavab verib: “Biz Venesuela xalqı üçün ən yaxşısı olduğuna ümid edirik. Bazarda təsir sıfırdır, neft bazarı çox sabitdir, indi heç bir tədbir görmək lazım deyil”.
Daha əvvəl Karakasda Venesuela prezidenti Nicolas Maduro-ya qarşı kütləvi etirazlar başlamışdır. Eyni gündə, ölkə parlamentinin spikeri olan Juan Guaido, müvəqqəti hökumətin fəaliyyəti dövründə özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ və bir sıra digər ölkələr Guaido-nu tanıdıqlarını elan etmişlər. Maduro özünü konstitusiya prezidenti elan edərək, müxalifət parlamentinin başçısını “ABŞ-ın kuklası” deyə adlandırıb.
Hiperinflyasiyanın fonunda, eləcə də iqtisadi və siyasi böhrana baxmayaraq, Venesuelada neft hasilatı tarixi minimuma çatıb və düşməyə davam edir.
Venesuela OPEK-in üzvüdür və təşkilat çərçivəsində neft istehsalına görə yeddinci yeri tutur. Təşkilatın məlumatına görə, 2017-ci ildə ölkədə gündə orta hesabla 1,91 milyon barel, 2018-ci ilin dekabrında isə 1,14 milyon barel neft istehsal olunub.