Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA ABŞ-yə neft tədarükü ilə bağlı müqavilələr imzalayıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Təşkilat tərəfdaşların adlarını açıqlamasa da, müqavilələrin qlobal neft bazarını sabitləşdirməyə kömək etməli olduğunu bildirib. PDVSA həmçinin ABŞ-ni Venesuelaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə yenidən çağırıb.
2025-ci ilin dekabr ayının ortalarında ABŞ prezidenti Donald Tramp Venesuelaya gedən və ya oradan çıxan, sanksiyalara məruz qalmış bütün neft tankerlərinə qarşı “tam və ümumi blokada” tətbiq olunması barədə göstəriş vermişdi. Bunun nəticəsində Venesuela neftinin əsas alıcıları olan Çin neft emalı zavodları PDVSA-dan daha böyük endirimlər və spot müqavilələrdə dəyişikliklər tələb etmişdi. Bu barədə “Reuters” yazmışdı.
2026-cı ilin yanvar ayının əvvəlində ABŞ Venesuelanın paytaxtı Karakasa kütləvi zərbələr endirmiş, həmçinin Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ölkədən çıxarmışdı. Bu səbəbdən Venesueladan neft ixracı bir müddət dayandırılmışdı.





