Vergi öhdəliklərinin düzgün və vaxtında icrası həm dövlət büdcəsinin formalaşması, həm də sahibkarlıq mühitində şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə mühüm mexanizmlərdən biri də vergi agentidir. Vergi agentləri bir tərəfdən vergi ödəyiciləri ilə dövlət arasında vasitəçi rolunu oynayır, digər tərəfdən isə vergilərin hesablanması, tutulması və büdcəyə köçürülməsi funksiyasını yerinə yetirərək vergi inzibatçılığının səmərəliliyini artırırlar.
Son illər xüsusilə sahibkarlıq subyektləri və fiziki şəxslər üçün inzibati prosedurların sadələşdirilməsi fonunda vergi agentlərinin fəaliyyətinə maraq artıb. Bu mexanizm həm əmək münasibətlərində, həm də mənzillərin kirayə verilməsi kimi gündəlik iqtisadi münasibətlərdə praktik əhəmiyyət kəsb edir. Bu baxımdan, vergi agentinin hüquqi statusu, səlahiyyətləri və məsuliyyəti ilə bağlı məsələlər xüsusi maraq doğurur.
Vergi agenti kimdir, onun hüquq və vəzifələri nədən ibarətdir və vətəndaşlar bu xidmətdən necə yararlana bilər?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, vergi agenti — vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə dövlət büdcəsinə köçürməyə borclu olan şəxsdir.
“Son zamanlar inzibatçılıqla bağlı proseslərin sadələşdirilməsi və hüquqi təminat üçün bəzi sahibkarlıq subyektləri vergi agentlərinin xidmətlərindən yararlanırlar. Belə ki, vergi agenti müvafiq vergiləri düzgün və vaxtında hesablamaq, onları vergi ödəyicisindən tutmaq və təyinatı üzrə köçürmək, vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin uçotunu aparmaq, vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına vermək, eləcə də Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək hüququna malikdir. Qanunvericilik vergi agentinə vergi ödəyicisi ilə eyni hüquqları tanıyır. Bu institut vətəndaşların vergi öhdəliklərinin icrasına dəstək verərək vergi inzibatçılığının effektivliyini artırır.
Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab edilən vergi agentləri fəaliyyət prosesində dəqiq hesablama və ödəniş, ayrı-ayrı uçotun aparılması, sənədli təminat və məlumatlandırma öhdəliyi kimi vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar”, – deyə cavabda qeyd olunub.
Vergi agenti ilə vergiödəyicisi arasında yaranan mübahisələrin həlli hansı qaydada həyata keçirilir?
Vəkil Roman Qaraşov bildirib ki, vergi agenti ilə vergi ödəyicisi arasında yaranan mübahisələrin həlli Vergi Məcəlləsi ilə müəyyən olunan subyektləri və onların öhdəliklərini dəqiq ayıran yanaşmaya əsaslanır: “Məcəllə vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları sırasında həm vergi ödəyicisini, həm də vergi agentini ayrıca subyekt kimi tanıyır (maddə 10.0.1–10.0.2) və bu, mübahisəyə baxışın əsas xəttini müəyyən edir — mübahisə “kim haqlıdır” mülahizəsi ilə deyil, “hansı hüquqi öhdəlik kimə məxsusdur və necə icra olunub” sualı ilə müəyyənləşir”.
O qeyd edib ki, vergi agentinin rolu da konkret formulla verilir: “O, vergini hesablamağa, vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borcludur (maddə 17.1), həmçinin Məcəllənin müəyyən etdiyi hallarda ödənilməli vergi məbləğini hesablamaq vəzifəsi birbaşa ona həvalə edilə bilər (maddə 82.2): “Buna görə mübahisələrin mərkəzində adətən “hesablama–tutma–köçürmə” zənciri dayanır və hüquqi qiymətləndirmə də məhz bu zəncir üzrə aparılır. Məcəllə agentin vəzifələrini açıq şəkildə sadalayır: vergiləri düzgün və vaxtında hesablamaq, tutmaq və köçürmək (maddə 17.3.1), hər vergiödəyicisi üzrə ayrıca uçot aparmaq (maddə 17.3.2), nəzarət üçün zəruri sənədləri vergi orqanlarına təqdim etmək (maddə 17.3.3). Əgər verginin tutulması mümkün deyilsə, agent bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə 30 gün müddətində yazılı məlumat verməlidir (maddə 17.3.4).
Deməli, mübahisənin həlli də sadə və aydın ardıcıllıqla qurulur – agent hesablamanı düzgün aparıbmı, tutma qanuni əsaslarla və vaxtında edilibmi, köçürmə təyinatı üzrə həyata keçirilibmi, tutulma mümkün deyildisə, məlumatlandırma öhdəliyi vaxtında icra olunubmu — hüquqi nəticə məhz bu sualların cavabı əsasında formalaşır”.
Vergi agenti tərəfindən səhvən hesablanan və ya tutulmayan vergilərlə bağlı yaranan mübahisələrdə kim cavabdeh sayılır?
R.Qaraşov vurğulayıb ki, vergi agenti tərəfindən səhvən hesablanan və ya tutulmayan vergilərlə bağlı mübahisələrdə cavabdehlik, Məcəllənin birbaşa qoyduğu öhdəliyin kimdə olmasına görə müəyyən edilir.
“Vergi agenti vergini hesablamaq, onu vergiödəyicisindən tutmaq və təyinatı üzrə köçürmək borcu daşıyır və bu borcun “praktik məzmunu” agentin vergiləri düzgün və vaxtında hesablamaq, tutmaq və köçürmək vəzifəsi kimi konkretləşdirilir. Bu səbəbdən yanlış hesablamaya yol verilməsi, tutmanın aparılmaması və ya köçürmənin icra edilməməsi hüquqi baxımdan agentin öz vəzifəsini lazımi qaydada yerinə yetirməməsi kimi qiymətləndirilir və Məcəllə belə hallarda agentin məsuliyyət daşıdığını açıq şəkildə təsbit edir (maddə 17.4). Bununla yanaşı, Məcəllə xüsusi bir vəziyyəti də nəzərə alır: əgər agentin vəzifələrinin icra edilməməsi və ya lazımınca icra edilməməsi onun birbaşa və ya dolayı tabe olduğu şəxsin təqsiri ilə bağlıdırsa, həmin şəxs də qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıya bilər (maddə 17.5).
Eyni zamanda, burada vacib bir prinsip mütləq qeyd olunmalıdır: vergiödəyicisinin və ya vergi agentinin pozuntuya görə məsuliyyətə cəlb edilməsi onları vergi öhdəliklərini icra etməkdən azad etmir (maddə 53.7). Yəni, agentin pozuntuya görə cavabdeh sayılması, öhdəliyin icrası məsələsini avtomatik aradan qaldırmır, sadəcə pozuntunun hüquqi məsuliyyət daşıyıcısını göstərir. Bu baxımdan düzgün hüquqi nəticə iki xətt üzrə ifadə olunur: pozuntuya görə ilkin cavabdehlik əsasən vergi agentində formalaşır (maddə 17.4; zəruri hallarda 17.5), vergi öhdəliyinin icrası isə məsuliyyət tədbiri tətbiq olunsa belə qüvvədə qalır (maddə 53.7)”, – deyə vəkil R.Qaraşov qeyd edib.
Mənzilin kirayə verilməsi zamanı vergi agenti qismində kimlər çıxış edə bilər və onların vergi öhdəliyi nədən ibarətdir?
Auditor, vergi məsələləri üzrə ekspert Mehdi Babayev bildirib ki, yaşayış sahələrinin, yəni mənzillərin kirayə verilməsi zamanı agent rolunda həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar vergi agenti ola bilərlər.
Burada əsas məsələ yaşayış sahəsindən istifadə ilə bağlı bağlanılan müqavilənin icarə deyil, kirayə müqaviləsi olmasıdır ki, ödəmə mənbəyindən 14 faiz deyil, 10 faiz vergi tutulsun.
“Biz kirayə müqaviləsi və icarə müqaviləsi anlayışlarını bir-birindən ayırmalıyıq. Mülki Məcəllədə icarə müqaviləsi barədə göstərilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir (maddə 700.1). Lakin mənzilin istifadəyə götürülməsi hər hansı bəhər və ya gəlir götürmək məqsədi (sahibkarlıq məqsədilə istifadə) güdmədiyinə görə, belə istifadə müqaviləsi kirayə müqaviləsidir. Adətən kirayə müqaviləsi yaşamaq və kommunal məqsədlər üçün bağlanılır.
Hüquqi şəxslər, yəni müəssisələr, fərdi sahibkarlar öz işçilərinin yaşaması məqsədilə vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslə, yəni mənzil sahibi ilə kirayə müqaviləsi bağlamaqla da vergi agenti ola bilərlər”,- deyə M.Babayev bildirib.
Onun sözlərinə görə, hətta daşınmaz əmlakın kirayəyə verilməsində vasitəçilik edən agentliklər də vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsin, yəni bir sakinin mənzilini kirayəyə götürən fiziki şəxsə (məsələn, tələbəyə, bir ailəyə) yaşamaq üçün istifadəyə verilməsini öz adından rəsmiləşdirib, müəyyən bir xidmət haqqı qarşılığında vergi agenti rolunda çıxış edə bilər: “Belə halda vergi agenti rolunda çıxış edən hüquqi şəxs və ya fərdi sahibkar ödəmə mənbəyindən – kirayə haqqından 10 faiz vergi tutmalı və dövlət büdcəsinə ödəməlidir”.
“İnkişaf etmiş ölkələrlə müqayisədə hələlik Azərbaycanda vergi agentləri çox da aktiv deyillər”
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, vergi qanunvericiliyinə əsasən və dünya praktikasında vergi agentləri vergilərin hesablanmasına və ödənilməsinə məsul olan şəxslərdir.
“Bəzi hallarda vergi agentləri işə götürən kimi fəaliyyət göstərirlər, yəni onlar işçinin vergisini ödəyirlər. Təbii ki, bəzi hallarda vergi agenti vergi ödəyicisi ilə eyni hüquqa malikdir. Vergi agentinin əsas vəzifə funksiyası vergiləri düzgün və vaxtında hesablamaq, təyinatı üzrə köçürməkdir. Təbii ki, burada uçotun aparılması, lazımi sənədlərin hazırlanması, o cümlədən hesabatların təqdim olunması da vergi agentinin funksiyasına daxildir”, – deyə V.Bayramov bildirib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə vergi agenti kimi həm hüquqi, həm də fiziki şəxslər çıxış edirlər: “Həmin ölkələrdə bəzi hallarda şirkətlər və sahibkarlıq subyektləri vergi agentlərinin xidmətlərindən istifadə edirlər. Onlar ayrıca mühasibatlıq, maliyyə şöbəsi saxlamaqda maraqlı olmurlar və vergi agentləri ilə müqavilə bağlayırlar. Müqaviləyə uyğun olaraq, vergi agentləri həmin sahibkarlıq subyektinin vergilərinin hesablanmasını və ödənilməsini həyata keçirir.
Azərbaycanda da təbii ki, bu funksiya və əməkdaşlıq tətbiq olunur. Ancaq etiraf etmək lazımdır ki, inkişaf etmiş ölkələrlə müqayisədə hələlik Azərbaycanda vergi agentləri çox da aktiv deyillər. Xüsusən də mikro, kiçik, orta sahibkarlar üçün vergi agentlərinin xidmətindən istifadə olunması məqsədəuyğun olar. Çünki bu halda həmin sahibkarlıq subyektləri müəyyən xərclərə qənaət etmiş olar və bu, imkan verər ki, məhz vergilərin vaxtında, doğru hesablanaraq ödənilməsi həyata keçirilsin. Bu kontekstdən, vergi agentləri və onların xidmətindən istifadə edilməsi mexanizminin genişləndirilməsi və tətbiqi məqsədəuyğun olar”.






