3 C
Baku
Saturday, December 14, 2024

Vergi borcunun ödənilməsinə hansı halda möhlət verilir?

Vergi Məcəlləsinə əsasən vergi borcunun məbləğindən və sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyasından asılı olaraq borcun ödənilməsinə bir sıra hallarda möhlət veriləcək.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verilir ki, mikro və kiçik sahibkarlıq subyekti olan vergiödəyicisinin borcu 2000 manatdan 20 min manatadək, orta sahibkarlıq subyekti olan vergiödəyicisinin borcu 20 min manatdan 100 min manatadək, iri sahibkarlıq subyektinin borcu 100 min manatdan 300 min manatadək olduqda həmin məbləğlərin ödənilməsinə möhlət veriləcək.

Həmçinin nəzərə çatdırılıb ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergiödəyicisinin seçimindən asılı olaraq bir sıra qaydada uzadıla bilər. Bunlara cari vergi ödəmələri və borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi aiddir.

Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergiödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.

Qeyd olunub ki, möhlət verilən dövr ərzində vergiödəyicisi tərəfindən möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda vergiödəyicisinin müraciəti əsasında borcun ödənilməsi 6 aydan 1 ilə, vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsi 1 ildən 2 ilə qədər yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər