24 C
Baku
Thursday, July 25, 2024

Vergi cərimələri artırılacaq

“Azərbaycan iqtisadiyyatı son illər dinamik inkişaf edir, ölkə iqtisadiyyatında müsbət meyllər hər il güclənir”. Modern.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə sözügedən komitənin iclasında Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində sistemli təbdirlər həyata keçirilir.

Komitə sədri deyib ki, həmçinin, beynəlxalq aləmdə ildən-ilə Azərbaycanın nüfuzu artır, dünyanın ən tanınmış reytinq agentlikləri Azərbaycanda baş verən iqtisadi prosesləri təhlil edərək, ədalətli dəyərləndirmə aparırlar

Z.Səmədzadə bununla yanaşı, son illər dünyada baş verən iqtisadi sarsıntıların, xüsusilə, neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasının əksər dövlərlərin həyatına, iqtisadiyyatına ciddi və mənfi təsirlər göstərdiyini də bildirib:

“Ancaq dünyada yaşanan iqtisadi tənəzzül, qlobal iqtisadi sarsıntılar nəinki Azərbaycan iqtisadiyyatına, iqtisadi inkişafına təsir etmir, əksinə, ölkəmizin dinamik inkişafı davam edir, hətta, elə uğurlar əldə edilir ki, bu, dünyanın ən tanınmış analitiklərini, ekspertlərini, iqtisadçılarını, politoloqlarını təəccübləndirir. Çünki Azərbaycan müstəqil siyasət yeridir. Bu siyasət də heç şübhəsiz ölkənin iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir.

Təbii ki, bunun arxasında da ölkə prezidenti İlham Əliyevin düzgün, uzaqgörən siyasi və iqtisadi siyasət kursu dayanır. Ölkə prezidenti 9 ayın yekunlarına həsr olunmuş iclasda da dedi ki, əgər Azərbaycan ötən illər ərzində müstəqil siyasi və iqtisadi kurs həyata keçirməsəydi, bizi çox böyük çətinliklər gözləyəcəkdi, bizi istəmədiyimiz məsələlərə məcbur edəcəkdilər. Ancaq Azərbaycan heç nəyə baxmadan öz müstəqil siyasətini həyata keçirdi və bugünkü uğurlara nail oldu. Ona görə biz hamımız dövlət başçısının həyata keçirdiyi müstəqil siyasət kursuna minnətdar olmalıyıq. Son iclasda deyilənlər, verilən tapşırıq və tövsiyələr də hər bir kəs, hər bir struktur tərəfindən diqqətlə təhlil olunmalı və nəzərə alınmalıdır”.

Daha sonra çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, qanun layihəsi bu günlərdə 9 ayın yekunlarına həsr olunmuş iclasda dövlət başçısı tərəfindən verilən təklif, xüsusilə, biznes mühitinin yaxşılaşdırılması yönündə irəli sürülən tövsiyələrin ruhunda hazırlanıb.

İndiyə kimi Vergi Məcəlləsinə bir çox dəyişikliklərin edildiyinin xatırladan nazirin sözlərinə görə, həmin dəyişikliklər vergilərin azaldılmasına, vergi mədəniyyətinin artırılmasına, vergi yükünün aşağı salınmasına xidmət edib.

Nazir qeyd edib ki, insanların, xüsusilə, aztəminatlı təbəqədən olan insanların ən çox şikayət etdikləri məsələ fiziki şəxslərin gəlir vergisi ilə bağlı olub.

“Yeni dəyişiklik büdcə təşkilatlarında işləyən 500 mindən çox insanı əhatə edəcək. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur”.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, təqvim ili ərzində hüquqpozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişikliyə əsasən bu məbləğ 2000 manat olacaq.

“Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatdək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğində qədər qaldılılması təklif olunur”.

Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqi nəzərdə tutulur.

Nazir F.Məmmədov bildirib ki, üç ildir idman mərc oyunlarında əldə edilən uduşlar vergidən azad idilər ki, bu da həmin sahənin inkişafını stimullaşdırmışdı və 3 ildə bu sahənin dövriyyəsi 300 milyon manatadək yüksəlib:

“Buna görə də hazırki iqtisadi vəziyyətdə bu mənbənin vergiyə cəlb edilməsi əlverişli olacaq. Dəyişikliyə əsasən, sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə 8%-i səviyyəsində etmək təklif olunur”.

F.Məmmədov qeyd edib ki, Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

“Dəyişikliyə görə fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur”.

Son xəbərlər
Digər xəbərlər