Vergi hesabatlarının təqdim edilməsi müddəti uzadılıb

Nazirlər Kabinetinin qərarlarından irəli gələrək vergi hesabatlarının təqdim edilməsi müddəti uzadılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Banker.az-a bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Qərarı ilə ölkə ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, 2019-cu ilin yekunlarına görə təqdim edilməli olan hüquqi şəxslərin mənfəət və əmlak vergisinin, fiziki şəxslərin gəlir vergisinin, 2020-ci ilin fevral ayına görə təqdim edilməli olan aksizin, ƏDV, yol və mədən vergilərinin, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin, uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin, eləcə də daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsinin və xüsusi notariusların fevral ayı üzrə hesabladığı gəlir vergisinin və muzdlu işlə əlaqədar fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan verginin dövlət büdcəsinə ödənilməsinin son müddəti aprelin 6-na keçirilib.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövrü (2020-ci il 31 mart -20 aprel) ilə əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ləğv edilib. Habelə həmin qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində fəaliyyətinə icazə verilən sahələr müəyyən edilib, həmin siyahıda qeyd edilməyən digər istiqamətləri üzrə fəaliyyət məhdudlaşdırılıb.

Yuxarıda göstərilənlərə əsasən xüsusi karantin dövrü ilə (2020-ci il 31 mart -20 aprel) vergi hesabatlarının verilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

– fəaliyyətinə icazə verilən sahələr üzrə (siyahısı əlavə olunur) vergiödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti 6 aprel 2020-ci il;

– fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının verilməsi müddəti 20 aprel 2020-ci il.

Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi iş (əmək) rejiminə dəyişiklik ediləcəyi təqdirdə bu barədə əlavə məlumat veriləcək.