Müəllif: Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev
Vergi ödəyicilərinin əsas vəzifələrindən biri fəaliyyətlərində meydana çıxan vergitutma obyektlərindən müvafiq vergiləri qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hesablayıb dövlət xəzinəsinə ödənilməsindən ibarətdir. Buna əməl olunmasının təmin edilməsi məqsədilə qanunvericilikdə vergilərin vaxtında ödənilməməsinə görə vergi ödəyicisinə hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğindən müəyyən dərəcə ilə faizin hesablanması nəzərdə tutulur. Təcrübə göstərir ki, vergilərin vaxtında ödənilməməsi əksər hallarda maliyyə vəsaitlərinin kifayət qədər olmaması səbəbindən irəli gəlir.
Qeyd etmək lazımdır ki, maliyyə vəziyyəti çətin olan vergi ödəyicilərinə verginin vaxtında ödənilməməsinə görə faizlərin hesablanması onun maliyyə vəziyyətini daha da ağırlaşdıra və son nəticədə iflasa uğramaq təhlükəsi yarada bilər. Vergi ödəyicisinin maliyyə vəsaitlərinin kifayət qədər olmaması təkcə vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinə deyil, həm də istehsal bazasının genişləndirilməsinə, müasir texnika və texnologiyaların tətbiq olunmasına, rəqabət qabiliyyətli məhsulların istehsalının təşkilinə mənfi təsir göstərmiş olur.
Bir çox hallarda belə vergi ödəyiciləri öz maliyyə imkanlarını banklardan götürülən kreditlər hesabına yaxşılaşdırmağa çalışırlar. Bununla yanaşı, beynəlxalq təcrübədə maliyyə imkanları məhdud olan vergi ödəyicilərinə vergi kreditinin verilməsi yolu ilə dövlət köməyi də göstərilir.
Vergi kreditlərinin banklardan götürülmüş kreditlərdən əsas fərqi ondan ibarətdir ki, bank kreditləri pul şəklində müəyyən faiz dərəcəsi ilə verilir, vergi kreditlərinin verilməsi isə vergi ödəyicisi tərəfindən dövlət xəzinəsinə ödənilməli olan vergi borcundan heç bir faiz ödənilmədən müəyyən müddət ərzində istifadə olunmasını nəzərdə tutur. Buna görə də vergi kreditinin verilməsi dedikdə, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti dəyişdirilməklə onun uzadılması başa düşülür.
Beynəlxalq təcrübədə vergi öhdəliklərinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi qısa və uzun müddətə ola bilər. Qısamüddətli kreditlər adətən 2 aydan 6 ayadək və yaxud 3 aydan 12 ayadək olan müddətləri əhatə edir. Uzunmüddətli vergi kreditləri isə 1 ildən 5 ilədək olan dövrə verilir. Uzunmüddətli vergi kreditləri müəyyən investisiya layihəsinin yerinə yetirilməsi məqsədləri üçün verilir və vergi terminologiyasında «investisiyalı vergi krediti» kimi adlandırılır. Qısamüddətli vergi kreditləri ilə investisiyalı vergi kreditləri arasındakı əsas fərq ondan ibarətdir ki, qısamüddətli kreditlərin verilməsi vergi ödəyicisinin çətin maliyyə vəziyyətindən irəli gəlir, investisiyalı vergi kreditləri isə daha uzun müddətə verilir və investisiya qoyuluşu edilən layihələrin stimullaşdırılmasını nəzərdə tutur.
Qeyd olunmalıdır ki, istər qısamüddətli, istərsə də uzunmüddətli vergi kreditləri verilməklə vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin dəyişdirilməsi heç bir halda vergi öhdəliyinə xitam verilməsi sayılmır. Bu, sadəcə olaraq, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin daha gec olan müddətə dəyişdirilməsini nəzərdə tutur. Buna görə də vergi krediti verildiyi halda, vergi ödəyicisi tərəfindən müvafiq vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi vergi qanunvericiliyinin tələblərinin pozulması halı sayılmır və verginin vaxtında ödənilməməsinə görə ona qarşı faizlər hesablanmır. Lakin bütün hallarda vergi kreditləri müəyyən şərtlər daxilində və vergi ödəyicisi tərəfindən verilmiş müəyyən zəmanət əsasında həyata keçirilir. Bununla əlaqədar olaraq, vergi kreditlərinin verilməsi şərtləri vergi ödəyicisi tərəfindən pozulduğu halda, vergi kreditinə xitam verilir və verginin vaxtında ödənilməməsinə görə faizlərin hesablanması bərpa olunur.
Azərbaycan Respublikasında vergi ödəyicilərinə vergi kreditlərinin verilməsini tənzimləyən normalar Vergi Məcəllsində öz əksini tapmışdır. Məcəllədə hər bir verginin ödənilmə müddətləri müəyyən olunmuş və vergilərin ödənilmə müddəti pozulmaqla ödənilməsinə görə vergi ödəyicisindən hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi həcmində faiz tutulur.
Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi (vergi kreditinin verilməsi) Vergi Məcəlləsinin 85-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri 1 aydan 9 ayadək aşağıda göstərilən halların biri olduqda dəyişdirilə bilər:
- təbii fəlakət və digər qarşısıalınmaz qüvvə
nəticəsində vergi ödəyicisinə zərər dəydikdə;
- vergini birdəfəyə ödədiyi təqdirdə,
vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda.
Göstərilən müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması vergi ödəyicisinin yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciəti əsasında vergi orqanının çıxardığı qərara uyğun olaraq həyata keçirilir.
Eyni zamanda, Vergi Məcəlləsi ilə müəyyən edilmişdir ki, vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırılıbsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.
Bunlarla belə, vergi kreditlərinin səmərəliliyinin daha da artırılması üçün bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi diqqət mərkəzində olan məsələlərdən biridir.