6 C
Baku
Sunday, December 15, 2024

Vergi Məcəlləsindəki dəyişiklik bank sektorunda nələri dəyişə bilər? – MÜSAHİBƏ

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, 2019-cu ildən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra yeniliklər tətbiq olunacaqdır. Yeniliklərin əsas istiqamətlərindən biri vergi və sosial sığorta yükünün aşağı salınması və optimallaşdırılması, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödəniş siste­minin leqallaşdırılmasıdır. Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov həmin dəyişikliklərə aydınlıq gətirib.

Banker.az olaraq həmin müsahibəni sizlərə təqdim edirik:

– Natiq müəllim, Vergi Məcəlləsində edilmiş dəyişikliklər sırasında gəlir vergisi üzrə güzəştlər xüsusilə maraq doğurur. Həmin islahatın və güzəştin mahiyyətini qısaca necə izah etmək olar?

– 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərdə qeyri-neft sektorunun özəl bölməsində çalışan fiziki şəxslərin muzdlu işdən gəlir vergisi üzrə müddətli güzəştin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin sahədə baş verən dəyişikliklər, əmək bazarında müşahidə olunan proseslər bu islahatı zəruri edib.

natiq shirinov sirinov
Natiq Şirinov

Hazırda aylıq məbləği 2500 manatadək olan əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi yükü (əmək vergisi xərcləri) 40% (14% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı); 2500 manatdan yuxarı məbləğ üzrə isə 51% (25% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı) təşkil edir.

Təhlillər göstərir ki, bu dərəcələr nəticəsində yaranan yüksək fiskal yük qeyri-neft sektorunun özəl bölməsində işəgötürənlər tərəfindən işçi sayının və real əməkhaqqının məbləğinin gizlədilməsinin və beləliklə, əmək bazarının «kölgələşməsinin» əsas səbəblərindən biridir.

Keçən il Azərbaycanda muzdlu işçilərin məşğul əhalidə xüsusi çəkisi 31,5%, əməkhaqqı fondunun (sosial sığorta ayırmaları ilə birlikdə) ÜDM-ə nisbəti 17-18%, əhalinin gəlirlərində əmək ödənişlərinin payı 25,2% təşkil etmişdir ki, bu da bir sıra postsovet və digər ölkələrin göstəriciləri ilə müqayisədə qənaətbəxş hesab oluna bilməz. Problemin əsasən qeyri-neft sektorunun özəl bölməsində müşahidə edildiyini və hazırda əməkhaqqı üzərindəki fiskal yükün gəlir vergisi və sosial sığorta haqlarından formalaşdığını nəzərə alaraq, onun həlli məqsədilə bu istiqamətdə əmək­haqlarına gəlir vergisi üzrə əhəmiyyətli güzəştin verilməsi nəzərdə tutulur. İşəgötürənlər arasında aparılan sorğular göstərir ki, yeni şərtlər daxilində onlar əmək­haqlarını və iş yerlərini rəsmiləşdirmək üçün güclü stimul əldə etmiş olacaqlar.  Bu, nəticə etibarilə işəgötürənlərin işçi üzrə əmək vergisi xərclərini azaltmaqla qeyri-rəsmi əmək­haqlarının və iş yerlərinin leqallaşdırılmasına imkan verəcəkdir.

Dəyişikliklərə görə, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisindən azad olunur, 8000 manatdan artıq olan hissəsindən 14% dərəcəsi ilə vergi tutulacaqdır. Bu sahədə fəaliyyət göstərən işəgötürənlər növbəti ildən etibarən aylıq əməkhaqqı 200 manatadək olan işçilərin gəlirlərindən ödəmə mənbəyində 3% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 3,5%), aylıq əməkhaqqı məbləğinin 200 manatdan çox olan hissəsindən isə 10% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 10,5%) tutacaqlar. İşəgötürənlər özləri isə əmək­haqqı fondundan əməkhaqqı 200 manatadək olan işçilərə görə 22% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 22,5%), aylıq əməkhaqqı 200 manatdan yüksək olan işçilərə görə isə 15% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 15,5%) hesablayıb ödəyəcəklər. Yalnız aylıq gəliri 8000 manatdan yuxarı olan işçilərin gəlirlərindən ödəmə mənbəyində yuxarıda qeyd olunanlardan əlavə olaraq 14% muzdlu işlə əlaqədar ödəmə mənbəyində gəlir vergisi tutulacaqdır.

Beləliklə, növbəti ildən 2500 ma­na­ta­dək olan aylıq əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi, sosial sığorta və işsizlikdən sığorta yükü 40%-dən 26%-ə, 2500 manatdan 8000 manatadək əməkhaqqı üzrə 51%-dən 26%-ə, 8000 manatdan yuxarı əməkhaqqı üzrə isə 51%-dən 40%-ə enəcəkdir. Güzəştin 7 il müddətində tətbiqi nəzərdə tutulur ki, bu da sahibkarlara öz fəaliyyətini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcəkdir.

 – Bəzi vətəndaşlar belə hesab edirlər ki, vergi güzəştləri qeyri-neft sektorunun özəl bölməsində işçilərin əməkhaqqının artımına gətirəcək. Vergilər naziri Mikayıl Cabbarov isə parlamentdə çıxışı zamanı qeyd etdi ki, islahatın məqsədi əməkhaqlarının artımı yox, daha çox «ağardılması»dır. Güzəştlərin vətəndaşa və işəgötürənə gətirdiyi faydalar nədən ibarət olacaqdır?

– İslahatların əsas hədəfi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır. İslahat heç də qeyri-neft sektorunda qeyri-leqal çalışanların əməkhaqqının kütləvi artırılması anlamına gəlməməlidir. Əgər işçi nağd pul şəklində vergi və sosial tutulmalar olmadan qeyri-rəsmi əməkhaqqı alırsa, vergi yükünün azalması sadəcə əməkhaqqının rəsmiləşdirilməsinə imkan verəcək. Yəni burada əslində  heç bir kütləvi əməkhaqqı artımından söhbət gedə bilməz. Müəyyən artım yalnız rəsmi çalışan işçilərin əməkhaqqında ola bilər. Lakin təhlillər və müşahidələr göstərir ki, qeyri-neft sektorunun özəl bölməsində rəsmi əmək münasibətlərinin miqyası qeyri-rəsmi əmək münasibətləri ilə müqayisədə dəfələrlə kiçikdir. Qeyri-rəsmi əmək bazarının fəaliyyətindən ən çox zərər görən sıravi vətəndaşdır. Çünki bu halda işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki aldığı əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur. Bu isə işçiləri gələcəkdə pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan, dəyişikliklər yüz minlərlə insanın pensiya və sosial müavinət hüquqlarının bərpa edilməsini təmin edəcəkdir.

– Natiq müəllim, sosial sığorta haqları ilə bağlı dəyişiklik barədə bir məsələyə aydınlıq gətirməyinizi istərdik. Yeni sosial vergitutma mexanizmi dövlət və qeyri-dövlət sektoru olmaqla hamını əhatə edəcək, yoxsa yalnız qeyri-dövlət və qeyri-neft sektoru üçün gəlir vergisi güzəştləri ilə birgə tətbiq ediləcək?

– Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, muzdlu işlə əlaqədar gəlir əldə edən şəxslərdən tutulan sosial sığortavə işsizlikdən sığorta haqlarının həcmi fəaliyyət göstərdiyi iqtisadi sektordan asılı olmayaraq işçi və işəgötürən üzrə müvafiq olaraq 3,5% və 22,5% olmaqla, üst-üstə 26% təşkil edir. Yeni dəyişikliklərə əsasən, qeyri-neft sektorunun özəl bölməsində ödənilən əməkhaqqı 200 manatadək olduqda nisbət dəyişmir, 200 manatdan çox olduqda isə işçi və işəgötürən üzrə müvafiq olaraq 10,5% və 15,5% olmaqla cəmi 26% təşkil edir. Bu dəyişikliklər, qeyd olunduğu kimi, yalnız qeyri-neft sektorunun özəl bölməsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə və gəlir vergisi güzəştləri ilə birgə tətbiq olunacaq.

 – Dəyişikliklərin sosial-iqtisadi sahədə hansı təsirləri olacaq?

– Qanunvericiliyə edilən dəyişikliklər, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət 7 il müddətinə gəlir vergisi üzrə öz fiskal daxil­olmalarının əhəmiyyətli hissəsindən imtina etsə də, aparılan islahatların ölkə iqtisadiyyatı üçün birbaşa və dolayı şəkildə müsbət multiplikativ effekti proqnozlaşdırılır. Qeyd etdiyim kimi, islahatlar rəsmiləşən iş yerləri və əməkhaqqı üzrə toplanan sosial sığorta haqlarının artmasına imkan verəcəkdir.  Pensiya kapitalının həcminin artması pensiya sisteminin yığım hissəsində daha çox vəsaitin cəmləşməsini, vəsaitlərin uzunmüddətli investisiyaların mühüm mənbəyinə çevrilməsini, ölkədə kapital və maliyyə bazarlarının inkişafını sürətləndirə bilər. Pensiya sisteminin maliyyə dayanıqlığının güclənməsi Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığının azalması və tədricən neytrallaşması ilə nəticələnməlidir.

Qeyri-leqal əməkhaqqı nağd şəkildə verildiyindən iş yerlərinin rəsmiləşdirilməsi ölkə iqtisadiyyatında nağdlaşma səviyyəsinin aşağı düşməsinə, bank sektoruna qeyri-nağd pul axınlarının çoxalmasına imkan yaradacaqdır. Bununla yanaşı, əhalinin leqal və daha yüksək əməkhaqqı ilə banklardan kredit almaq imkanlarının genişlənməsi, nəticədə bank kreditlərinin həcminin böyüməsi və bunun iqtisadi artıma, məşğulluğa və inklüziv, yəni cəmiyyətdə hər kəsi əhatə edən inkişafa müsbət təsiri qaçılmazdır. Qeyri-neft-qaz sektorunun özəl bölməsində işəgötürənlərin əmək xərclərinin azalması investorlar üçün ölkə iqtisadiyyatını daha cəlbedici etməklə investisiyaların həcminə və iqtisadi artıma müsbət təsir göstərəcəkdir.

Son xəbərlər
Digər xəbərlər