Vergi qanunvericiliyində edilmiş son dəyişikliklərə əsasən, sığortaçılar tərəfindən hüquqi şəxslərlə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumat vergi orqanına təqdim edilməlidir.
Belə ki, Vergi Məcəlləsinə 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən fərdi sahibkarların balansında olan daşınar əsas vəsaitlər əmlak vergisinə cəlb edilir. Eyni zamanda, müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır.
Sığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumatın rüb bitdikdən sonra növbəti ayın 20-dək Dövlət Vergi Xidmətinə təqdim edilməli olduğunu nəzərə alaraq, uyğunlaşdırma çərçivəsində sığortaçılar tərəfindən hüquqi şəxslərlə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumatın da vergi orqanına təqdim edilməsi ilə bağlı müddəa Vergi Məcəlləsinə əlavə edilib.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dəyişiklik çərçivəsində sığorta təşkilatlarının inzibati yükünün azaldılması məqsədilə qeyd olunan məlumat formasının təkrarsığortaçılar tərəfindən təkrarsığortalanmış əsas vəsaitlər barədə təqdim edilməsi ilə bağlı tələb ləğv edilib.