“Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq”.
Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
O, rəhbərlik etdiyi qurumda islahatların davam etdiriləcəyini də qeyd edib: “Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal öhdəliklərinin icrası asanlaşır. Və əksinə, iqtisadi böhran və ya durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət xəzinəsinə daxilolmaların təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birgə işləyərək Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın nəbzi üzərində olacaq”.