16 C
Baku
Monday, May 20, 2024

Vergi ödəyicisi malın dəyərini səhvən ƏDV depozit hesabına ödəyərsə proses necə tənzimlənir?

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Bəs məbləğin hamısı yanlışlıqla ƏDV depozit hesabına ödənildiyi halda proses necə tənzimlənir? “vergiler.az” sualla bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.

Bu cür hallara təcrübədə tez-tez rast gəlirik. Məsələn, olur ki, vergı ödəyicisi qarşı tərəfə tikinti matertallarının qarşılığı olaraq 118.000 manat (ƏDV daxil) ödəyir. Vergi ödəyicisi bank və ya depozit hesabından 18.000 manatlıq ƏDV məbləğini depozit hesabına ödəyərkən səhvən 100.000 manatlıq əməliyyat məbləğini də bank hesabına yox, ƏDV depozit hesabına köçürür.

Vergi ödəyicisi bu halda texniki problemin aradan qaldırılması üçün öncə ona xidmət göstərən banka məlumat verməlidir. Çünki bankın həmin məbləğin köcürülməsi zumanı yaranmış texniki səhvi ödənişdən öncə aşkara çıxarması mümkündür. Bu halda yanlışlığı aradan qaldırmaqla vəsaitin geri ödənilməsi təmin edilə bilər.

Ancaq vəsait tam məbləğdə qarşı vergi ödəyicisinin ƏDV depozit hesabına köçürülmüşdürsə, məsələ mürəkkəbləşir. Depozit hesabına həm əsas, həm də ƏDV məbləğinin köçürülməsi hər iki vergi ödəyicisi üçün əlavə problemlər yarada bilər.

Birincisi, ƏDV depozit hesabına gözlənildiyindən xeyli yüksək məbləğdə vəsaitin daxil olması səbəbindən vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubunun göndərilməsi mümkündür. Vergi orqanı vergi ödəyicisindən depozit hesabına daxil olan vəsaitin dövlət büdcəsinə bəyan edilməsini tələb edə bilər.

İkincisi, göndərdiyi malın müqabilində alacağı əsas məbləği ƏDV depozit hesabına mədaxil olunan vergi ödəyicisi həmin vəsaitə sərəncam vermək hüququna malik olmadığı üçün onu malların (işlərin, xidmətlərin) ödənilməsinə cəlb edə bilmir.

Vergi ödəyicisinin ƏDV depozit hesabından qarşı tərəfin bank hesabına ödəniş etmək hüququ olmadığı üçün vəsaitin ancaq ƏDV depozit hesabına qaytarılması mümkündür. Bu səbəbdən də uyğun variant odur ki, satıcı vergi ödəyicisi ƏDV depozit hesabına daxil olan vəsaitin əsas məbləğ hissəsinin, yəni 100.000 manatın qarşı tərəfin ƏDV depozit hesabına qaytarılmasını təmin etsin.

Yaxşı olar ki, ödənişi səhv həyata keçirən vergi ödəyicisi vəsait depozit hesabına geri qayıtdıqdan sonra malların əməliyyat dəyərini (100.000 manatı ) öz hesablaşma hesabından qarşı tərəfin bank hesabına köçürsün. Çünki bu onun müqavilə öhdəliyidir.

Prosesdən göründüyü kimi, texniki səhv olaraq əsas məbləğin ƏDV depozit hesabına ödənilməsi ciddi problemlərə yol açır. Ona görə də mühasib həmkarlarımıza ƏDV depozit hesabına ödəniş apararkən diqqətli olmağı tövsiyə edirik.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı

Son xəbərlər
 ⁠
Digər xəbərlər