Fərdi sahibkar kimi məişət cihazlarının təmiri ilə məşğulam. Fəaliyyətimlə əlaqədar bir sıra ehtiyat hissələrini, dəzgahları bazardan vergi orqanından uçotda olmayan şəxslərdən alıram. Alışı sənədsiz qaydada rəsmiləşdirilən və nağd qaydada alınan malların dəyəri gəlirdən çıxılan xərclərə aid ediləcəkmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Eyni zamanda vergi ödəyicisinin çəkdiyi xərcləri mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Vergi ödəyicisi tərəfindən faktiki olaraq çəkilmiş xərclər isə bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edilir.
Belə ki, Vergi Məcəlləsinin 14.6.5-ci maddəsidə əsasən, alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi və malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadığı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır.
Əlavə olaraq bildirirk ki, alışı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilmədən alınmış malların alışına çəkilmiş xərclərin 10 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-ci, 58-ci və 108-ci maddələri.