Vergi sistemində tətbiq olunacaq yeniliyin mahiyyəti aydın oldu: İşimiz asanlaşır

Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır”.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Yeniliyi şərh edən iqtisadçı-ekspert Radil Fətullayev bildirib ki, artıq vergi ödəyicisi bəyannaməni göndərməmişdən qabaq ilkin olaraq Vergilər Nazirliyi bəyannamənin ilkin versiyasını vergi ödəyicisinə göndərəcək: “Bunu sistem edəcək, vergi işçisi yox. Sistem özü bəyannamənin ilkin versiyasını hazırlayacaq, sonra vergi ödəyicisinə göndərəcək. Vergi ödəyicisi də buna baxacaq, yəni müqayisə apararaq hesabatı göndərəcək”.

Ekspertin sözlərinə görə, hazırda Vergilər Nazirliyi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən istifadə edir: “Yəni vergi ödəyicilərinin göndərdiyi bütün qaimə-fakturalar, vergi hesab-fakturalar artıq elektronlaşdığına görə, Vergilər Nazirliyi hamısını görə bilir. Məsələn, əvvəllər yalnız əlavə dəyər vergisi ödəyicilərinə nəzarət etmək mümkün idisə, hazırda sadələşdirilmiş vergi ödəyicilərinə də nəzarət etmək mümkündür. Bu, sırf informasiya və kommunikasiya texnologiyalarının vergi hesabatına tətbiqi ilə əlaqədardır”.

R.Fətullayev qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi genişləndikcə Vergilər Nazirliyi çox məlumatı öz üzərinə cəmləyəcək: “Vergi ödəyicisi hesabatı hazırlamamışdan qabaq Vergilər Nazirliyində olan informasiya əsasında ilkin bəyannamənin formasını nazirlik özü hazırlayacaq. Əslində bu, indiyədək var idi. Məsələn, hesabatı göndərdiyimiz zaman bəzən uyğunsuzluq olurdu. Nazirlik bizə deyirdi ki, “bizdə olan məlumata görə, gəlir bu qədər deyil, bu qədər olmalıdır və yaxud xərcləriniz azdır, ya çoxdur” və s.”.

“Bu yeniliyin tətbiqi informasiyanın dəqiqləşməsinə, vaxta qənaət edilməsinə gətirib çıxaracaq. Məsələn, vergi ödəyicisi hesabatı göndərən zaman bilmədən səhvə yol versə, bu, onun səhvinin qabağını ala biləcək. Yəni səhvlərin sayı minimuma enəcək” — deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə deyib ki, normal mühasibat uçotu sistemini formalaşdırmış hər bir şirkətin vergi hesabatlarının göndərilməsində problem olmamalıdır: “Hazırda informasiya texnologiyaları kifayət qədər inkişaf edib və bu hesabatlar avtomatik şəkildə proqramlar tərəfindən hazırlana bilir”.

“Burada nəzərdə tutulur ki, müəssisənin bəzi dövlət təşkilatlarına ödəniş və hesablaşmaları avtomatik vergi bəyannamələrin müvafiq bölümlərində hazır formada görünsün. Bu, müəssisələrin bəyannamə hazırlanması zamanı rahatçılığı təmin edə bilər” — deyən İbrahimli əlavə edib ki, eyni zamanda, müvafiq uyğunsuzluğun bəyannamə göndərilmədən əvvəl Vergilər Nazirliyi və digər təşkilatlarla müzakirə edərək ortadan qaldırılması mümkün ola bilər.

Qeyd edək ki, Vergilər Nazirliyinin yaydığı məlumatda, tətbiq ediləcək yeniliklərdən birinin də bəyannamələrin hazırlanması ilə bağlı olduğu bildirilir: “Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq, təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır”.

© Sputnik Azərbayca