“Düşünürəm ki, Vergilər Nazirliyinin əlavə dəyər vergisinin (ƏDV) differensiallaşdırılması ilə bağlı addımları gözlənilən effekti verməyəcək”.
Bunu Report agentliyinə açıqlamasında “PwC Azerbaijan”ın vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.
Onun sözlərinə görə, sözügedən layihə gömrük sistemində tətbiq edilsə effektiv nəticə əldə etmək olar: “Hazırkı layihəyə görə, yalnız hazır məhsula ƏDV güzəşti tətbiq ediləcək. Məsələn, dərman dərman preparatlarını götürsən, onların hazırlanması zamanı ölkəyə gətirilən xammala, yaxud istifadə edilən elektrik enerjisinə, həmçinin istehsal zəncirini əmələ gətirən digər kompanentlərə 18% ƏDV tərbiq edildiyi halda hazır dərman preparatında 8-10%-lik diferensiallaşmaya getməyin təsiri az olacaq. Çünki idxal zamanı yaxud elektrik enerjisi istehsalı istifadəsi zamanı ödənilən əlavə faizlər məhsulun üstünə gələcək. Bu isə dərmanın ümumi qiymətində 8-10% deyil, daha az, bəlkə də 1-2% ucuzlaşma ilə özünü göstərəcək. Ona görə də, gömrükdə idxala və istehsal zəncirini əmələ gətirən digər kompanentlərə də aşağı ƏDV tətbiq edilməlidir”.
Xatırladaq ki, Vergilər Nazirliyi bəzi sosial sahələrdə ƏDV-nin diferensiallaşdırılması ilə bağlı Milli Məclisə qanun layihəsi göndərib. Layihəyə görə, diferensiallaşma ilkin olaraq dərman preparatları, məktəb ləvazimatları və başqa bu kimi sosial sahələrdə tətbiq ediləcək. Sənəd ilin sonuna qədər parlamentdə qəbul edilsə, gələn il yanvarın 1-dən onun icrasına başlanılacaq.