2022-ci ildə dövlət büdcəsinə vergi xətti ilə 11740.0 mln. manat proqnoza qarşı 15543.0 mln. manat vəsaitin daxil olması təmin edilib.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Başqa sözlə, proqnozdan əlavə 3803.0 mln. manat və ya 32.4% çox vəsait yığılıb. Daxilolmaların həcmi 2021-ci ilə nisbətən 7013.8 mln. manat və ya 82.2% çox olub.
2022-ci il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə neft-qaz sektoru üzrə dövlət büdcəsinə 4020.0 mln. manat proqnoza qarşı 7406.6 mln. manat məbləğində vəsait köçürülərək, proqnozdan əlavə 3386.6 mln. manat və ya 84.2% artıq vəsaitin yığılması təmin edilib. Neft-qaz sektoru üzrə daxil olmuş məbləğ Xidmətin təmin etdiyi ümumi daxilolmanın 47,7%-ni təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 5220.3 mln. manat və ya 3.4 dəfə çoxdur.
Qeyri-neft-qaz sektoru üzrə 7720.0 mln. manat proqnoza qarşı dövlət büdcəsinə 8136.4 mln. manat vəsait daxil olub ki, bu da ümumi daxilolmanın 53.0%-ni təşkil edib. Bildirilib ki, bu sektor üzrə proqnoza 105.4% əməl edilib, proqnoz tapşırığından əlavə 416.4 mln. manat vəsaitin yığılması təmin edilib. Vergi daxilolmalarının həcmi 2021-ci illə müqayisədə 1793.5 mln. manat və ya 28.3% çox olub.
Qeyri-neft-qaz sektorunun qeyri-dövlət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərindən hesabat ilində dövlət büdcəsinə 5990.1 mln. manat vəsait daxil olub. Bu isə 2021-ci ilə nisbətən 1182.0 mln. manat və ya 24.6% çoxdur.
2022-ci il ərzində toplanılan vergilərin 2736.6 mln. manatı və ya 17.6%-i dövlət sektoruna, 12804.9 mln. manatı və ya 82.4%-i isə qeyri-dövlət sektoruna aid olub.
Neft-qaz sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi istisna olmaqla, qeyri-dövlət sektoru üzrə büdcəyə 7358.9 mln. manat vəsait daxil olub ki, bu da sektor üzrə daxilolmaların 57.5%-ni təşkil edib. Bu daxilolmaların həcmi 2021-ci illə müqayisədə 1514.3 mln. manat və ya 25.9% çox olub.