2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8.5 mlrd. manat vəsait daxil olub.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin sözlərinə görə, daxilolmaların həcmi proqnoza nisbətən 17,6 faiz, əvvəlki illə müqayisədə 15,5 faiz çox olub. Cəmi vergi daxilolmalarının cəmi büdcə gəlirlərində payı 2021-ci ildə 32,3 faiz təşkil edib. Bu göstərici 2020-ci ilin müvafiq göstəricisindən (29,9 faiz) 2,4 faiz çoxdur.
O.Nəzərli deyib ki, fiskal öhdəliklər üzrə müsbət trendin əldə edilməsi enerji bazarlarında yaranmış qiymət dinamikasının təsirləri ilə deyil, daha çox pandemiya sonrası iqtisadi bərpanın başlanması və istehlak tələbinin yüksəlməsi hesabına baş verib: “Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, iqtisadiyyatın əksər sektorlarında müşahidə olunan artım prosesi, xüsusilə qeyri-neft sektorunda ÜDM-in 7 faizi aşan artım tempi bu sektorun fiskal göstəricilərində öz əksini tapıb”.