Yeni ildən etibarən şirkət təsis edən şəxslər yeni problemlə üzləşiblər. Bu barədə hüquqi şəxs yaradan vətəndaşlar bildiriblər.
Bu ildən təbiq edilən yeniliyə əsasən, 2019-cu ildən etibarən onlayn qeydiyyatdan keçən şirkətlərə vergi orqanları tərəfindən qeydiyyat sənədləri kağız şəklində deyil, elektron şəkildə verir. VÖEN, çıxarış və nizamnamə sənədləri təsisçinin emailinə elektron formada (PDF formatında) gəlir.
İlk baxışdan bu mütərəqqi yenilik olsa da, ölkənin bank sistemi elektron sənədləri qəbul etməyə hazır deyilmiş.
Belə ki, banklar yeni yaradılan şirkətlərə bank hesabı açmaq üçün müştərilərdən bu sənədlərin kağız formasını tələb edirlər. Bununla bağlı vergi orqanlarına şikayət edən istifadəçilərə isə bildirilir ki, banklar bu sənədləri qəbul etməlidirlər.
Hələlik bankların tələblərində dəyişiklik olmayıb. Əvəzində Vergilər Nazirliyindən fed.az-a bildirilib ki, şirkətlərin təsisçiləri nazirliyin Milli Gəlirlər Departamentinə və onlayn kargüzarlığa müraciət edərək bu sənədi kağız şəklində ala bilərlər.