32 C
Baku
Monday, July 22, 2024

Vergilər Nazirliyinin bu saləhiyyəti azaldılıb, “ASAN Xidmət”ə verilir

Vergilər Nazirliyində kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatını aparan qurum ləğv ediləcək.

Banker.az məlumatına görə, bu, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmanda qeyd edilib ki, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bununla əlaqədar Nazirlər Kabinetinə tapşırılıb ki, Vergilər Nazirliyinin həmin xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində nazirliyin işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Xatırladaq ki, 2018-ci ilin dekabrında isə vergiyə dair qanunlardakı dəyişiklərdən sonra Maliyyə Nazirliyinə aid bir neçə səlahiyyət Vergilər Nazirliyinə ötürülmüşdü

Vergilər Nazirliyinin əsasnaməsinə daxil edilənlər bunlar idi:

11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.

Son xəbərlər
Digər xəbərlər