2015-ci ildə Vergilər Nazirliyinin nəzarət fəaliyyəti dairəsinə Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonları daxil olan 14 saylı Ərazi Vergilər İdarəsində vergi qanunverciliyinə riayət edilməsi vəziyyətinə dair keçirilən audit nəticəsində İdarənin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Agentliyin “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədinə əsasən verdiyi xəbərə görə, audit nəticəsində müəyyən olunub ki, Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan rayonlarda bir sıra vergi ödəyiciləri tərəfindən ƏDV və hüquqi şəxslərin mənfəət vergisi üzrə dövlət büdcəsinə hesablanmış öhdəliklər qanunvericiliklə müəyyn edilmiş müddətlərdə tam həcmdə ödənilməyib, həmin vergi növləri üzrə proqnozlar həm ümumilikdə, həm də ayrı-ayrı rayonlar səviyyəsində az icra olunub. Vergi agentləri tərəfindən ödəmə mənbəyində tutulmuş, lakin dövlət büdcəsinə ödənilməmiş vergilər hesabat dövrlərinin sonuna tam həcmdə dövlət büdcəsinə olan borclar kimi uçotda əks etdirilməyib. Həmçinin, İdarədə qeydiyyatda olan vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının nəticələri üzrə hesablanmış vəsaitlərin dövlət büdcəsinə ödənilməsi əsasən təmin olunmayıb.
Operativ vergi nəzarəti tədbirləri çərçivəsində tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 148,2 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsinin təmin olunmaması müəyyən edilib.
Auditlə əhatə olunan hesabat dövləri ərzində qanunvericilik aktlarının tələblərinə əməletmə səviyyəsinin, eləcə də dövlət büdcəsi qarşısında öhdəliklərin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəlmədiyi, 17 vergi ödəyicisinin məhkəmə hökmləri ilə təmin edilməmiş verginin əsas məbləği üzrə dövlət büdcəsinə olan 469,5 min manat həcmində borclarının silinməsi, dövlət büdcəsinə borcları olan vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə auditlə əhatə olunan dövrdə qəbul edilmiş ümumilikdə 238 qərarın auditin keçirildiyi dövrün sonuna icrasız qalması aşkar edilib.
Hesablama Palatasının Kollegiya qərarının icrası ilə əlaqədar bir sıra vergi ödəyiciləri üzrə aparılmış araşdırmalar nəticəsində 50,3 min manat zərər məbləği azaldılıb, mənfəət vergisi, əlavə dəyər vergisi və yol vergisi üzrə ümumilikdə 42,8 min manat məbləğində vəsait hesablanıb. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri üzrə auditin keçirildiyi müddətin sonuna ödənilməsi təmin edilməmiş 124,6 min manat maliyyə sanksiyasının və 23,6 min manat məbləğində inzibati cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Report