-1 C
Baku
Sunday, December 15, 2024

Vergilər Məcəlləsinə edilən dəyişiklərdə 5 əsas məqam

Milli Məclis Vergilər Nazirliyinə təklif edilən dəyişikləri 3-cü oxunuşda təsdiqləyib. Bəs bu dəyişiklər nələri əhatə edir?

8 min manat maaş alanlar 7 il vergi ödəməyəcəklər

Vergilər Məcəlləsinə edilən təkliflər arasında ən çox diqqət çəkən qeyri neft-qaz və qeyri-dövlət sektorunda çalışanların gəlir vergisindən azad olması idi.

Yeni Məcəlləyə görə, bu sektorda çalışıb 8 min manat maaş alanlar vergi verməyəcəklər, əgər maaş 8 mindən çox olsa, o hissədən 14 faiz vergi ödəyəcəklər.

Eyni zamanda, dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.

Gələn il yanvarın 1-dən tətbiq ediləcək dəyişiklik 7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının “ağardılması”na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, “kölgə iqtisadiyyatı”nın payının azalmasına səbəb olacaq.

Vahid 2 faiz vergisi, amma hamıya aid deyil

Sadələşdirilmiş vergi ödəyiciləri artıq gələn ildən 2 faizlə vergi ödəyəcəklər.

Hazırda bu vergi Bakı şəhəri üzrə 4, digər rayonlar və Naxçıvan MR-da 2 faizdir.

Amma yeni qayda bütün sadələşdirilmiş vergi ödəyicilərinə aid deyil.

Vergilər Məcəlləsinin 218.1.2 və 218.4 maddəsinin şamil olunduğu sadələşdirilmiş vergi ödəyiciləri 2 faizlik vahid vergi tarifinin dairəsinə salınmayıb.

Eyni zamanda, sadələşdirilmiş vergini tətbiq edə bilən şəxslərin dairəsi məhdudlaşdırılıb. Bunlar işçi sayı 5 nəfərdən çox olan istehsalçılar, topdansatış ticarət fəaliyyəti, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər və sairədir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan şəxslər növbəti ildən mənfəət, yaxud gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Müstəqil iqtisadçılar hesab edirlər ki, yeni dəyişiklərlə “sadələşdirilmiş vergi ödəyicisi” anlayışına daha az fəaliyyət sahəsi şamil edildiyindən 2 faizlik vergidən yararlananların sayı az olacaq. Bu isə iqtisadiyyata öz mənfi təsirini göstərəcək, “qara mühasibatlığa”, vergidən yayınmalara yol açacaq, yeni vergi dəyişikliyini təhlil edən iqtisadçılar deyirlər.

Vergilər Nazirliyi hələlik bu dəyişikliyin nə qədər hazırkı sadələşdirilmiş vergi ödəyicisini əhatə edəcəyini açıqlamayıb.

Rəsmi məlumatlarda sahibkarların 80 faizindən çoxunun sadələşdirilmiş vergi ödəyicisi olduğu bildirilir.

Kassa qəbzini al, ödədiyin vergini geri qaytar

Pərakəndə satış nöqtələrində, market və dükanlarda alış-veriş zamanı kassa qəbzi alan müştərilər ödədikləri Əlavə Dəyər Vergisini (ƏDV) geri qaytaracaqlar.

Alış-veriş zamanı kassa qəbzi alanlar borcunu nağd ödədikdə ƏDV-nin 10 faizi, nağdsız ödədikdə 15 faizini geri alacaq.

Vergilər Nazirliyindən BBC News Azərbaycancaya deyirlər ki, müştərilər alış-veriş zamanı onlara verilən barkodla (alınan malların əks olunduğu kağız) yanaşı kassa qəbzini də tələb etməlidirlər ki, sonradan ödədikləri ƏDV-ni geri qaytara bilsinlər.

Ancaq Vergilər Nazirliyi bu məbləğin müştəriyə sonradan necə qaytarılacağı prosedurunu hələ açıqlamayıb. Amma yeni təklif gələn ildən qüvvə minəcəyindən yəqin ki, ictimaiyyət yaxın vaxtlarda bu qaydalarla tanış olacaq.

Kiçik və orta biznes üçün vergi güzəştləri

Kiçik sahibkarlıq üçün yeni Məcəllədə bir sıra güzəştlər nəzərdə tutulur.

Kiçik və orta biznes (KOB) təbəqəsinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.

Üstəlik, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir.

Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.

Kiçik subyektlər üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi də daxildir.

Onlar həm də əmlak vergisindən azad edilirlər.

Dəyişikliyə görə, kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan startaperlər startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

Bu dəyişikliyin məqsədi kiçik və mikro sahibkarlığın dəstəklənməsi, onlara uzunmüddətli vergi güzəştləri imkanı yaradılmasıdır, Vergilər Nazirliyi təklifini BBC News Azərbaycancaya belə dəyərləndirib.

Aksiz vergilər artırılır

Aksiz vergisi tətbiq olunan malların siyahısı genişləndirilib.

Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.

Eyni zamanda gələn ildən Azərbaycana gətirilən minik avtomobillərinə mühərrikindən asılı olaraq tətbiq edilən aksiz dərəcələri artırılır.

O cümlədən, tütün məmulatlarının da aksiz dərəcələri artırılır.

BBC Azərbaycanca

Son xəbərlər
Digər xəbərlər